Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının (BA) sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Oman nümayəndələri ilə görüşərək İran ətrafındakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Bu barədə Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.
Məlumata əsasən, ABŞ prezidenti BMT-də keçiriləcək görüşdən regiondakı müttəfiqlərindən İranla müharibə ilə bağlı gələcək addımlar barədə birbaşa məlumat almaq üçün istifadə etmək istədiyini açıq şəkildə bildirib.
“Mən onların hazırda hansı vəziyyətdə olduqlarını və işlərinin necə getdiyini öyrənmək istəyirəm. Biz həmişə onların qayğısına çox qalmışıq”, – deyə D. Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt və Omanı nəzərdə tutaraq bildirib.
Dövlət və hökumət başçılarının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli ümumi siyasi debatlar sentyabrın 22-26-da və 28-də BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək.