Bakı. Trend:
Yəmən hökumət qüvvələri ölkənin qərbində yerləşən Moha şəhəri yaxınlığında üsyançı “Ənsar Allah” hərəkatının (husilər) döyüşçülərinin toplaşdığı mövqelərə zərbələr endirib və hərbi texnikanı məhv edib.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Macid ən-Nəzili məlumat verib.
O bildirib ki, hökumət qüvvələri Moha limanı yaxınlığında üsyançıların “iri qruplaşmalarını məhv edib”, həmçinin onların hərbi texnikası və silahlarını sıradan çıxarıb. O, həmçinin Moha–Zübab avtomobil yolu boyunca bir sıra “Ənsar Allah” döyüşçüsünün məhv edildiyini bildirib. Bundan əlavə, Yəmən aviasiyası Taiz şəhərinin şimalında silah, sursat, raket və hərbi avadanlıq daşıyan onlarla yük maşınına zərbələr endirib. Hərbi mənbələrin məlumatına görə, kolon Moha şəhərindən Sənaya doğru hərəkət edirdi.