Bakı. Trend:
Böyük Britaniyada baş vermiş texniki nasazlıq onlarla reysin ləğvinə səbəb olmaqda davam edir. Xüsusilə London-Hitrou hava limanında vəziyyət daha ciddi olaraq qalır. Hava hərəkətinə nəzarət xidmətinin rəsmiləri vəziyyətin tam normallaşmasının “vaxt aparacağını” bildiriblər.
Hava nəqliyyatını izləyən Flightradar24 saytının məlumatına görə, sentyabrın 8-də ölkə üzrə təxminən 1300 uçuş ləğv edilib, bu gün isə daha 177 reys ləğv olunub ki, onların demək olar hamısı Hitrou hava limanında həyata keçirilməli idi.
“Çox mürəkkəb” olan nasazlıq “bütün hava nəqliyyatı şəbəkəsində çətinliklər yaradıb və bu vəziyyətdən çıxmaq vaxt aparacaq”, – Böyük Britaniyanın hava hərəkətinə nəzarət xidmətinə cavabdeh NATS qurumu "X" sosial şəbəkəsində yazıb.
NATS bildirib ki, yaranmış problemlərin əsas səbəbi olan nasazlıq “aradan qaldırılıb” və qurum “uçuşlarda yaranmış gecikmələri mümkün qədər tez aradan qaldırmaq üçün var gücü ilə çalışır”. Lakin çərşənbə axşamı günortadan sonra 100-dən çox reysi başqa istiqamətlərə yönləndirməyə məcbur olduğunu bildirən "British Airways" aviaşirkəti problemin ciddi xarakter daşıması səbəbindən əhəmiyyətli fəsadların olacağını bildirib.
Məlumata görə, on minlərlə sərnişin vəziyyətdən zərər çəkib.
İrlandiyanın aşağıbüdcəli Ryanair aviaşirkəti 50-dən çox reysi ləğv edib və bu, 65 mindən çox sərnişinə təsir göstərib.
Çərşənbə günü Çempionlar Liqasında “Napoli” ilə qarşılaşmalı olan “Arsenal” futbol klubu İtaliyanın Neapol şəhərinə uçuşunun gecikməsi səbəbindən mətbuat konfransını ləğv etməli olub. Liverpool, Birmingem və Edinburq şəhərləri, eləcə də İrlandiyadakı Dublin hava limanı da vəziyyətdən təsirlənib.
Britaniya mediasının məlumatına görə, nəqliyyat naziri Haydi Aleksander çərşənbə günü NATS-ın baş direktoru Martin Rolfe ilə görüş keçirib. Rolfe üzr istəyib və insidentlə bağlı “tam məsuliyyəti” öz üzərinə götürdüyünü bildirib.