Bakı. Trend:
BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) Xəzərin beş sahilyanı ölkəsi üçün vahid monitorinq sistemi və məlumat bazası yaratmağa çalışır.
Bunu BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) çoxölkəli direktoru Simonetta Siliqato "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində Trend-ə müsahibəsində deyib.
O bildirib ki, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərlə bağlı yalnız bir ölkənin həyata keçirə biləcəyi konkret tədbirdən danışmaq mümkün deyil.
"Fikrimcə, yalnız bir ölkənin həyata keçirə biləcəyi hər hansı bir fəaliyyət yoxdur. Mənim tövsiyəm həmişə sərhədlərdən kənara baxmaqdır. Xəzər dənizinin beş sahilyanı ölkəsi var və hər bir ölkə su ehtiyatlarından istifadə ilə bağlı çoxsaylı fəaliyyət həyata keçirir. Buna görə də birgə yanaşmanın formalaşdırılması üçün bir-birimizlə ünsiyyət qurmaq, müzakirələr aparmaq, məlumat və informasiyanı bölüşmək olduqca vacibdir", - deyə S.Siliqato qeyd edib.
UNOPS rəsmisi Xəzər dənizinin qorunması istiqamətində Azərbaycanda həyata keçirilən layihələrdən də danışıb.
"Hazırda Xəzər dənizi ilə bağlı həyata keçirdiyimiz layihə Dünya Bankı, maliyyələşməni təmin edən Qlobal Ətraf Mühit Fondu (GEF) və BMT-nin Ətraf Mühit Proqramı ilə tərəfdaşlıq çərçivəsində icra olunur", - o deyib.
Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri Xəzərin beş sahilyanı ölkəsində tətbiq oluna biləcək vahid monitorinq sisteminin hazırlanmasına dəstək verməkdir.
"Biz yalnız üç ölkəyə - Azərbaycan, Qazaxıstan və Türkmənistana dəstək veririk. Lakin Rusiya və İran da Tehran Konvensiyasının iştirakçılarıdır və bu çərçivədə kommunikasiyanın bir hissəsidirlər. Biz ortaq şəkildə istifadə edilə biləcək monitorinq sistemi və paylaşılması mümkün olan məlumat bazası yaratmağa çalışırıq. Bu, gələcək fəaliyyətlərin planlaşdırılmasına birgə yanaşmağa imkan verəcək", - S.Siliqato bildirib.
O vurğulayıb ki, Xəzər dənizinin qorunması üzrə tədbirlərin ayrı-ayrı ölkələr tərəfindən müstəqil şəkildə həyata keçirilməsi həm daha çox xərcə səbəb ola, həm də gözlənilən nəticəni zəiflədə bilər.
"Əgər hər bir ölkə bu işi müstəqil şəkildə görsə, ilk növbədə, bu, daha baha başa gələcək. Bundan əlavə, təsir də daha az olacaq. Çünki fəaliyyət Xəzər dənizi boyunca həyata keçirilmədiyi halda onun təsiri kifayət qədər böyük olmayacaq", - deyə UNOPS-un çoxölkəli direktoru qeyd edib.
S.Siliqato Azərbaycanın Xəzər dənizinin qorunması üzrə regional əməkdaşlıqdakı rolunu da yüksək qiymətləndirib.
"Azərbaycanın rolu 100 faiz vacibdir və digər bütün ölkələrin rolu qədər əhəmiyyətlidir. Hesab edirəm ki, hazırda Bakı İqlim Fəaliyyəti Həftəsi kimi tədbirlərin, eləcə də Azərbaycanın çox ciddi yanaşdığını bildiyim digər regional konfransların keçirilməsi ən mühüm addımlardandır", - o vurğulayıb.
Onun sözlərinə görə, regional əməkdaşlığın gücləndirilməsi üçün tərəflər arasında kommunikasiya davam etdirilməli və ölkələr bir araya gətirilməlidir.
"Əlaqələri davam etdirmək, tərəfləri bir araya gətirmək və əməkdaşlıq və birgə fəaliyyətin gələcək üçün doğru yol olduğunu fəal şəkildə nümayiş etdirmək ən vacib məsələlərdəndir", - S.Siliqato əlavə edib.