Bakı. Trend:
İqlim dəyişikliklərinin təsirlərinin artdığı bir şəraitdə daha az su, kimyəvi maddə və digər resurslardan istifadə etməklə daha çox ərzaq istehsalına nail olmaq lazımdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
O bildirib ki, kənd təsərrüfatı həm iqlim dəyişikliklərinə təsir edən, həm də onun təsirlərinə məruz qalan sahələrdən biridir.
“Temperaturun yüksəlməsi, uzunmüddətli quraqlıqlar, torpaqların deqradasiyası, su çatışmazlığı və daha tez-tez baş verən ekstremal hava hadisələri artıq kənd təsərrüfatına təsir göstərir”, - deyə M.N.Hayat qeyd edib.
FAO rəsmisinin sözlərinə görə, kənd təsərrüfatı eyni zamanda kənd yerlərində insanların əsas dolanışıq mənbələrindən biridir və iqlim dəyişiklikləri fonunda ərzaq təhlükəsizliyi ciddi təzyiq altındadır.
“673 milyon insan ərzaq təhlükəsizliyindən məhrumdur. Eyni zamanda qlobal ərzağa tələbat artır. Ərzaq məhsuldarlığı 21 faiz azaldığı halda, tələbat yüksəlib. Buna görə də tədbirlər görülməsə, bu boşluq daha da artacaq”, - deyə o bildirib.
M.N.Hayat vurğulayıb ki, əsas məqsəd yalnız daha çox ərzaq istehsal etmək deyil.
“Biz daha az təbii resurslardan istifadə etməklə daha yaxşı ərzaq istehsal etməliyik. Eyni zamanda fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşmasını və dolanışıqlarını davam etdirməsini təmin etməliyik”, - deyə FAO rəsmisi qeyd edib.
O bildirib ki, FAO-nun əsas prioritetlərindən biri iqlimədavamlı kənd təsərrüfatının inkişaf etdirilməsidir.
“Daha az su, daha az kimyəvi maddə, daha az resurs, lakin daha çox istehsal etməliyik. Məhz buna görə iqlim dayanıqlılığı FAO-nun əsas prioritetlərindən birinə çevrilib”, - deyə M.N.Hayat vurğulayıb.
Onun sözlərinə görə, FAO-nun 2022-2031-ci illər üçün İqlim Dəyişiklikləri Strategiyası çərçivəsində ölkələrə aqro-ərzaq sistemlərinin daha səmərəli, inklüziv, dayanıqlı və davamlı sistemlərə çevrilməsi istiqamətində dəstək göstərilir.
FAO rəsmisi qeyd edib ki, təşkilat xüsusilə kiçik fermerlərin, qadınların və gənclərin iqlim çağırışlarına uyğunlaşmaq üçün zəruri bilik, texnologiya, maliyyə və tərəfdaşlıqlara çıxışının təmin edilməsini hədəfləyir.
M.N.Hayat “Bakı Harmoniya İqlim Təşəbbüsü”nün bu yanaşmanı əks etdirdiyini bildirib.
“Bu təşəbbüs hökumətləri, inkişaf tərəfdaşlarını, beynəlxalq təşkilatları, maliyyə institutlarını və özəl sektoru bir araya gətirir. O, kənd təsərrüfatı, su, ərzaq sistemləri və kənd yerlərinin inkişafı arasındakı güclü əlaqələri nəzərə alaraq, iqlimədavamlı kənd təsərrüfatına koordinasiyalı yanaşmanı təşviq edir”, - deyə o bildirib.
FAO rəsmisi təşəbbüsün mühüm yeniliyinin fermerlərin dəstək mexanizmlərinin mərkəzinə gətirilməsi olduğunu vurğulayıb.
“Bu, yalnız hökumətin və digər qurumların üzərinə götürdüyü məsuliyyət deyil, fermerləri də bu müzakirənin və dəstəyin mərkəzinə gətirir”, - deyə M.N.Hayat qeyd edib.
O bildirib ki, FAO Azərbaycanda hökuməti FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı, Texniki Əməkdaşlıq Proqramı layihələri, Qlobal Ətraf Mühit Fondunun və Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi təşəbbüslər çərçivəsində dəstəkləyir.
Onun sözlərinə görə, birgə fəaliyyətlər davamlı torpaq idarəçiliyi, iqlimə uyğun kənd təsərrüfatı, sudan səmərəli istifadə, dəyər zəncirlərinin təkmilləşdirilməsi, rəqəmsal innovasiya, biomüxtəliflik və fermerlər və institutlar üçün potensialın gücləndirilməsini əhatə edir.
M.N.Hayat Azərbaycanın kənd təsərrüfatının davamlı inkişafının təşviqi və sektorun dayanıqlılığının gücləndirilməsi istiqamətində səylərini də müsbət qiymətləndirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.