Bakı. Trend:
Misir məhkəməsi televiziya aparıcısı və daha 11 nəfəri narkotik vasitələrin hazırlanması və qanunsuz dövriyyəsi ilə bağlı ittihamlar üzrə ölüm cəzasına məhkum edib. Rəsmi KİV-lər bu barədə şənbə günü məlumat yayıb.
“Əl-Əhram” qəzetinin məlumatına görə, Qahirə Cinayət Məhkəməsi “prodüser Sara Xəlifə və daha 11 təqsirləndirilən şəxsi narkotik vasitələrin hazırlanmasında istifadə olunan maddələrin satış məqsədilə ölkəyə gətirilməsi üzrə ixtisaslaşmış cinayətkar təşkilat yaratdıqları üçün asılmaqla ölüm cəzasına məhkum edib”.
Həmin mənbənin və “Əxbar əl-Yəvm” də daxil olmaqla bir sıra digər hökumətyönlü KİV-lərin məlumatına görə, onlar həmçinin “odlu silah və döyüş sursatının qanunsuz olaraq əldə edilməsi və saxlanılmasında” təqsirli biliniblər.
“Əl-Əhram”ın məlumatına görə, hakimiyyət orqanları iki mənzildə, laboratoriya kimi istifadə olunan məkanlarda 750 kiloqramdan çox narkotik vasitə və onların hazırlanmasında istifadə edilən xammal, həmçinin müxtəlif alət və avadanlıqlar aşkarlayaraq müsadirə edib.
Məhkəmə hökmü qanunvericiliyə uyğun olaraq dini rəyinin alınması üçün iş materiallarının ölkənin baş müftisinə göndərilməsindən sonra çıxarılıb. Məhkumların hökmə etiraz etmək və apellyasiya şikayəti vermək hüququ qalır.
39 yaşlı Sara Xəlifə həmçinin sahibkar kimi fəaliyyət göstərir. O, təhlükəsizlik və cinayət hadisələrinə həsr olunmuş və özəl “Al-Mehwar” telekanalında yayımlanan “Çətin missiya” proqramının aparıcısı kimi tanınır. O, həmçinin onlayn platformalarda müxtəlif proqramlar aparıb və Instagram-da 2 milyon izləyicisi var.
Cinayət təqibi ötən il başlayıb və aparıcı ilə yanaşı, onun qardaşı da daxil olmaqla 27 nəfəri əhatə edib. Sara Xəlifə başqa bir iş üzrə də beş il müddətinə azadlıqdan məhrum edilib. Bu iş gənc bir şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və döyülməsində iştirakla bağlı olub.
Misirdə qəsdən adam öldürmə, terrorçuluq, bəzi zorlama halları və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla bir sıra cinayətlərə görə ölüm cəzası tətbiq edilir.
Qeyri-hökumət təşkilatı olan Misir İnsan Hüquqları və Azadlıqları Komissiyasının məlumatına görə, 2025-ci ildə ölkədə 541 ölüm hökmü çıxarılıb.