Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Son oyun günündə 2 görüş keçirilib.
Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xallarının sayını 7-yə çatdıran Tovuz təmsilçisi 5-ci pilləyə yüksəlib. Xalı olmayan Sumqayıtın eyniadlı klubu sonuncu - 12-cidir.
Turun bağlanış oyununda isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Bu nəticədən sonra “Qarabağ” 9 xalla 3-cü sırada yer alıb. Naxçıvan klubu isə 1 xalla 11-ci pilləni tutur.
Qeyd edək ki, IV turun əvvəlki matçlarında “Qəbələ” “İmişli”yə 2:1, “Şamaxı” “Kəpəz”ə 4:1, “Sabah” “Zirə”yə 5:0, “Neftçi” isə “Şəfa”ya 4:1 hesabı ilə qalib gəlib.