Bakı. Trend:
Məktəbə getmək üçün üç saatlıq yolu 30 dəqiqədən də az müddətə qət etmək? Çin bunu reallaşdırıb. Ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətinin kiçik kəndlərindən birində uşaqların təhsil müəssisəsinə çatması olduqca çətin idi. Lakin 2026-cı il iyulun 31-dən etibarən vəziyyət tamamilə dəyişib.
Nizhuxe kəndi kanyonun dibində yerləşir. Burada məktəblilər nəsillər boyu dik və çətin dağ cığırları ilə hərəkət etməli, Quançjay məktəbinə çatmaq üçün təxminən üç saat vaxt sərf etməli olublar.
İndi isə bu problem “Fuyao” adlı liftin istifadəyə verilməsi ilə tarixə qovuşub. Hündürlüyü 288 metr olan və tamamilə şüşədən hazırlanmış kabinəyə malik lift heyranedici görünüşü ilə seçilir. Bir dəfəyə 81 nəfəri daşıya bilən lift saniyədə 5 metr sürətlə hərəkət edir.
Lakin lift məktəbə çatmaq üçün kifayət etmir. Məktəblilər 1 650 metr yüksəklikdə yerləşən təhsil müəssisəsinə getmək üçün daha sonra kanat yolundan istifadə etməlidirlər.
Yenilik təkcə şagirdləri sevindirmir. Müəllim Tian Depu deyib:
“Əvvəllər nəqliyyat imkanları inkişaf etmədiyi üçün müəllimlərin buraya gəlməsi çətin idi. İndi şərait yaxşılaşdığından getdikcə daha çox müəllim bura gəlir”.
Lift kənd üçün yalnız təhsil baxımından deyil, həm də iqtisadi baxımdan əhəmiyyət daşıyır.
“Kənddə nəqliyyatın inkişafı sakinlər üçün çoxlu rahatlıq yaradıb. Getdikcə daha çox turistin gəldiyini görürük, mehmanxanalar və restoranlar açılır, sakinlər daha çox gəlir əldə edirlər”, – deyə yerli sakinlərdən biri bildirib.
Hakimiyyət orqanlarının məlumatına görə, lift istifadəyə verildikdən sonra kənd gündəlik olaraq 15 minədək turist qəbul edə bilər. Bununla belə, uşaqlar üçün liftə giriş pulsuzdur və onlar istifadə zamanı üstünlük hüququna malikdirlər.