Bakı. Trend:
İngiltərə Premyer Liqasının və Fransa Liqa 1-nin 2026/2027 mövsümü start götürüb.
Premyer Liqanın 1-ci turu çərçivəsində "Arsenal" və Frenk Lempardın çalışdırdığı "Koventri Siti" komandaları qarşılaşıblar. Londondakı "Emireyts" stadionunda baş tutan matçda "topçular" 3:0 hesabı ilə qalib gəlib. Ev sahiblərinin heyətində 15-ci dəqiqədə hücumçu Kay Haverts, 23-cü dəqiqədə vinger Bukayo Saka və 49-cu dəqiqədə yarımmüdafiəçi Martin Edeqor qol müəllifi olublar.
Xatırladaq ki, ötən mövsümün nəticələrinə əsasən, Londonun "Arsenal" klubu 85 xal toplayaraq İngiltərə çempionu olub. "Koventri Siti" isə 95 xalla ötən mövsüm Çempionşipin qalibi olub.
Növbəti turda Mikel Artetanın komandası avqustun 31-də səfərdə "Aston Villa" ilə qarşılaşacaq, Frenk Lempardın yetirmələri isə avqustun 29-da "Hall Siti"ni qəbul edəcək.
2026/2027 mövsümünün Fransa Liqa 1 çempionatının açılış matçında isə "Marsel" və "Strasburq" üz-üzə gəliblər. Marseldəki "Orange Velodrom" stadionunda keçirilən oyunda meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.
Oyunda hesabı 46-cı dəqiqədə Amin Quri açıb. O, 68-ci dəqiqədə penaltidən fərqlənərək dubla imza atıb. 89-cu dəqiqədə Keyliyan Abdalla qol vurub, 90+6-cı dəqiqədə isə Pyer-Emil Höybyerq matçda yekun hesabı müəyyənləşdirib.
Fransa çempionatının 1-ci turunun qalan səkkiz oyunu şənbə və bazar günləri, avqustun 22-23-də keçiriləcək. Son çempionu "PSJ" ilk turda avqustun 23-də "Renn"lə qarşılaşacaq.