Bakı. Trend:
İran bildirib ki, ABŞ qarşıya qoyduğu məqsədlərə hərbi yollarla nail ola bilmədikdən sonra yanaşmasını dəyişərək iqtisadi təzyiq siyasətinə keçib.
Bu barədə İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi özünün “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.
“ABŞ-ın apardığı hərbi müharibə nəticə vermədi, indi isə onlar növbəti məğlubiyyətlərini “iqtisadi müharibə” adlandırıblar”, – deyə Qəribabadi qeyd edib.
O, Vaşinqtonu “səhv hesablamalar” aparmaqda və Tehrana qarşı təzyiqləri artırmaqla öz siyasətini əsaslandırmağa çalışmaqda ittiham edib.
“Onlar iddia edirlər ki, İran məğlubiyyətin astanasındadır və bir tükdən asılı vəziyyətdədir. Lakin eyni zamanda bütün müttəfiqlərindən onlara kömək etmələrini istəyirlər”, – deyə İran XİN rəhbərinin müavini bildirib.
Qəribabadi əlavə edib ki, onun fikrincə, ABŞ-ın yanaşması yanlış qiymətləndirmələrə əsaslanıb və bu, Vaşinqtonun getdikcə daha sərt tədbirlər qəbul etməsinə səbəb olub.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edərək İranla bağlı iqtisadi müharibənin və təcrid siyasətinin başladığını açıqlamışdı.
“İran İslam Respublikasına razılaşma əldə etmək üçün məndən daha böyük imkan verən olmayıb. Təəssüf ki, onlar bu fürsətdən istifadə etmədilər. Buna görə də bu gün hər hansı bir ölkəyə qarşı həyata keçirilmiş ən genişmiqyaslı iqtisadi əməliyyatı elan edirəm. Bu, misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, – deyə Tramp yazıb.
O, həmçinin bildirib ki, maliyyə qurumları, şirkətləri, hava limanları və ya dövlət strukturları vasitəsilə İrana hər hansı dəstək verən ölkələr “ciddi iqtisadi nəticələrlə” üzləşəcəklər.
Trampın sözlərinə görə, məhdudiyyətlər xüsusilə neft qaçaqmalçılığına, valyuta əməliyyatlarına, pul köçürmələrinə, valyutadəyişmə məntəqələrinə, gəmi reyestrlərinə və saxta şirkətlərə təsir etməlidir.
O, ABŞ müttəfiqlərini İranın təcrid olunmasına yönəlmiş tədbirləri dəstəkləməyə çağırıb və bildirib ki, Tehran “heç vaxt nüvə silahına sahib olmamalıdır”.