Bakı. Trend:
Daha əvvəl Azərbaycana qarşı xarakterli bəyanatlarla çıxış edən Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib.
Bu barədə o, özünün "Telegram" kanalında yazıb.
“Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa vermək qərarına gəldim”, – deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 17-də Azərbaycan Baş Prokurorluğu terrora çağırışlarda ittiham olunan üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib. Bunlar “Moskva 24” telekanalının aparıcısı, jurnalist İvan Andreyeviç Knyazev, Rusiya Federasiyasında özünü siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Sergeyeviç Uralov, həmçinin telejurnalist və müxbir kimi fəaliyyət göstərən Rusiya Federasiyasının nəqliyyat nazirinin müşaviri Aleksey Aleksandroviç Çadayevdir.
Qurumun məlumatına görə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin ərazi bütövlüyünün pozulmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrora açıq çağırışlarla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq aparılır.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu çağırıb və diplomata Rusiya mediasında Azərbaycan və ölkə rəhbərliyinə qarşı səsləndirilən son təxribat xarakterli bəyanatlarla bağlı qəti etirazını bildirib.