Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə Səhiyyə Nazirliyinin təşkil etdiyi səyyar tibbi müayinələr davam edir.
Səhiyyə Nazirliyinin məlumatına görə, “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti tibbi aksiya Xocalı rayonunda keçirilib. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mütəxəssisləri tərəfindən təşkil olunan müayinələr zamanı yerli sakinlərə müxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib.
Xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş mobil klinika və modul tipli səyyar laboratoriya sakinlərin yaşadıqları ərazidə müayinələrdən keçməsinə və zəruri diaqnostik xidmətlərdən yerində yararlanmasına imkan yaradıb.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq və kardioloqlarla yanaşı, şüa diaqnostikası və laboratoriya mütəxəssisləri də fəaliyyət göstəriblər. Flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantu sınağı və arterial qanın qaz tərkibinin analizi aparılıb.
Müayinələr zamanı sağlamlıq problemləri aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib, zəruri hallarda müalicə təyin olunub və əlavə müayinələr üçün ixtisaslaşmış həkimlərə yönləndirilmələr həyata keçirilib.
Ümumilikdə, aksiya zamanı Xocalının 147 sakini tibbi müayinələrdən keçib. Bununla yanaşı, sakinlərə ağciyər xəstəliklərinin əsas risk faktorları, ilkin əlamətləri və profilaktikası barədə məlumat verilib, sağlamlığın qorunmasında müntəzəm tibbi müayinələrin əhəmiyyəti izah olunub.
Səhiyyə Nazirliyi tərəfindən “Böyük Qayıdış” Proqramı çərçivəsində bu cür tədbirlərin işğaldan azad olunmuş digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur. Səyyar tibbi xidmətlərin təşkili əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına və ixtisaslaşmış tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.






