Bakı.Trend:
Türkiyə Meteorologiya Baş İdarəsi sabah İstanbul da daxil olmaqla bir sıra vilayətlər üçün sarı və narıncı kodlu xəbərdarlıq elan edib.
Bu barədə NTV telekanalı məlumat yayıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakətlərin Koordinasiyası Mərkəzi (AKOM) da yağışların sabah güclənəcəyi barədə xəbərdarlıq edib. Əvvəlki leysan zamanı Bosfor boğazı ətrafında və şəhərin Avropa hissəsinin şimal və mərkəzi rayonlarında hər kvadratmetrə 130–278 litr yağıntı qeydə alınıb.
İstanbulda hər kvadratmetrə 100 litrədək yağıntının düşəcəyi, daşqın və torpaq sürüşməsi riskinin davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, bu həftə İstanbulda güclü leysan nəticəsində dörd nəfər həyatını itirib. Çərşənbə günü İstanbulda hər kvadratmetrə 278 litr yağıntı düşüb. Nəticədə çoxsaylı ev və iş yerlərini su basıb, yüzlərlə avtomobil su altında qalaraq yararsız hala düşüb.