Bakı. Trend:
"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku kommersiya işlənməsinə başlanıldığı 1997-ci ilin noyabrından 2026-cı ilin ilk yarısının sonunadək Azərbaycana ümumilikdə 63 milyard kubmetr səmt qazı təhvil verib.
Buu barədə bp-nin son hesabatında bildirilir.
Hesabata əsasən, eyni dövrdə AÇG blokundan ümumilikdə 4,6 milyard barel neft hasil olunub.
Qeyd edilib ki, 2026-cı ilin ilk yarısında AÇG-də orta gündəlik neft hasilatı 323 min barel təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 327 min barel olub.
Trend-in bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, hasilat illik müqayisədə 1,2% azalıb.
"2026-cı ilin ilk altı ayında AÇG üzrə ümumi hasilat orta hesabla gündə 323 min barel (ümumilikdə təxminən 59 milyon barel və ya 8 milyon ton) təşkil edib. Bunun 19,3 min bareli "Çıraq", 88 min bareli "Mərkəzi Azəri", 73,3 min bareli "Qərbi Azəri", 45 min bareli "Şərqi Azəri", 47 min bareli "Dərinsulu Günəşli", 24 min bareli "Qərbi Çıraq" və 26,4 min bareli ACE platformasının payına düşüb. İyunun sonuna olan məlumata görə, yataqda 150 neft hasilat quyusu, 51 suvurucu və 11 qazvurucu quyu istismarda olub", - hesabatda qeyd edilir.
AÇG layihəsində iştirak payları belə bölüşdürülür: SOCAR – 35,30%, bp (operator) – 30,37%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73% və ONGC Videsh – 2,92%.
BP Exploration (Caspian Sea) Limited AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində podratçı tərəflərin operatoru kimi fəaliyyət göstərir.
Bundan əlavə, 2026-cı ilin ilk yarısında bp və layihə üzrə tərəfdaşları AÇG fəaliyyəti üçün 268 milyon ABŞ dolları əməliyyat xərci, 733 milyon ABŞ dolları əsaslı xərc (kapital qoyuluşu) ayırıblar. Müqayisə üçün, 2025-ci ilin ilk yarısında bu göstəricilər müvafiq olaraq 259 milyon və 558 milyon ABŞ dolları olub.
Trend-in hesablamalarına görə, bununla da əməliyyat xərcləri illik müqayisədə 3,5%, əsaslı xərclər (kapital qoyuluşları) isə 31,4% artıb.