Bakı. Trend:
2026-cı ilin ilk yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycana tədarük olunan səmt qazının həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə bp-nin hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə AÇG-dən Azərbaycan dövlətinə gündəlik orta hesabla 11 milyon kubmetr səmt qazı (ümumilikdə 2 milyard kubmetr) ötürülüb. Qaz əsasən Səngəçal terminalına, qismən isə SOCAR-ın Neft Daşları obyektinə nəql edilib.
Trend-in bp-nin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin ilk yarısında qeydə alınmış gündəlik 8 milyon kubmetrlə müqayisədə 37,5% artıb.
Şirkət bildirib ki, hasil edilən səmt qazının qalan hissəsi lay təzyiqinin saxlanılması məqsədilə yenidən yatağa vurulub.
Bununla yanaşı, bp qeyd edib ki, 2026-cı ilin ilk yarısında AÇG yatağında tarixdə ilk dəfə qeyri-səmt qazının (Non-Associated Gas – NAG) kommersiya hasilatına başlanılıb.
Şirkətin məlumatına görə, ilk NAG hasilatı 2025-ci ildə qazılmış ilk hasilat quyusunda həyata keçirilib. Quyu neft laylarının altında yerləşən iki prioritet qaz horizontuna – Qırmaki Yuxarı Qum Daşı (Qirmaki Upper Sand) və Qırmaki Aşağı Qum Daşı (Qirmaki Lower Sand) laylarına istiqamətləndirilib.
Qazma işləri nəticəsində Qırmaki Yuxarı Qum Daşı horizontunda qaz ehtiyatlarının mövcudluğu təsdiqlənib, Qırmaki Aşağı Qum Daşı horizontunda isə yüksək təzyiqli qaz aşkarlanıb. Hazırda ilkin hasilat və sınaq işləri məhz Qırmaki Aşağı Qum Daşı layında aparılır.
bp bildirib ki, quyudan hasil olunan qaz və kondensat mövcud AÇG infrastrukturu vasitəsilə Səngəçal terminalına nəql edilir. Bu yanaşma mövcud dəniz obyektlərindən səmərəli istifadə etməyə imkan verir.
Şirkət həmçinin qeyd edib ki, ilkin hasilat quyusu zamanı Qırmaki Aşağı Qum Daşı qaz layının alt hissəsində qaz və su layları arasında yerləşən neft layı (oil rim) da aşkar edilib.
Bu ehtiyatların işlənməsi məqsədilə Dərin Sulu Günəşli platformasından ilk neft halqası quyusunun qazılmasına 2026-cı ilin may ayında başlanılıb. Quyunun 2026-cı ilin ikinci yarısında tamamlanacağı gözlənilir.
bp-nin qiymətləndirməsinə görə, həmin quyu gələcəkdə AÇG yatağında əlavə işlənmə imkanlarının dəyərləndirilməsi üçün mühüm geoloji məlumatlar təqdim edəcək.
Hazırda AÇG layihəsində iştirak payları belə bölüşdürülüb: bp (operator – 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%) və ONGC Videsh (2,92%).
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində operator funksiyasını BP Exploration (Caspian Sea) Limited həyata keçirir.