Bakı.Trend:
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 220/110/10 kv-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışı olub. Bu layihə Azərbaycanın enerji sektorunun transformasiyasında növbəti mərhələni ifadə edir və burada bərpa olunan enerji mənbələrinin inkişafı ənənəvi neft-qaz infrastrukturu ilə getdikcə daha sıx inteqrasiya olunur.
Əgər bir neçə il əvvəl bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi əsasən karbonsuzlaşdırma siyasətinin tərkib hissəsi kimi qiymətləndirilirdisə, bu gün həmin layihələr milli enerji sisteminin səmərəliliyinin artırılması, ölkənin ixrac potensialının gücləndirilməsi və enerji kompleksinin uzunmüddətli dayanıqlılığının təmin edilməsinə yönəlmiş daha geniş strategiyanın mühüm elementinə çevrilib.
Cəbrayıl rayonunda inşa edilən "Şəfəq" Günəş Elektrik Stansiyasını (GES) vahid enerji sistemi vasitəsilə Səngəçal terminalı ilə birləşdirən bu layihə belə yanaşmanın ən parlaq nümunələrindən biridir. Layihə təkcə karbon emissiyalarının azaldılmasına və neft-qaz sənayesinin əsas obyektlərindən birinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təmin edilməsinə deyil, həm də hər il ixraca yönəldilə biləcək əhəmiyyətli həcmdə təbii qazın qənaət olunmasına imkan verəcək. Avropada Azərbaycan qazına tələbatın davam etdiyi şəraitdə bu cür layihələr təkcə ekoloji deyil, həm də strateji iqtisadi əhəmiyyət daşıyır.
Bu irimiqyaslı layihə Cəbrayıl rayonunda tikilməkdə olan 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının Azərbaycanın enerji sisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerji sistemi vasitəsilə elektrik enerjisi ilə təmin edilməsini nəzərdə tutur. Layihə "AzərEnerji" ASC ilə bp şirkəti arasında əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.
Layihənin ilk mərhələsi kimi bu ilin 9 may tarixində Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kv-luq "Şəfəq" yarımstansiyası istifadəyə verilib. Növbəti mərhələdə isə elektrik enerjisinin Səngəçal terminalına ötürülməsini təmin edəcək "Yeni Səngəçal" yarımstansiyası tikilib.
Layihə istismara verildikdən sonra terminalda fəaliyyət göstərən qaz elektrik stansiyasının dayandırılması mümkün olacaq və "Şəfəq" Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisi milli enerji sistemi vasitəsilə terminala çatdırılacaq.
Nəticədə Səngəçal terminalının illik təxminən 500 milyon kv-saat elektrik enerjisi tələbatı tamamilə bərpa olunan enerji mənbələri hesabına ödəniləcək. Bu isə hər il 120–150 milyon kubmetr təbii qaza qənaət etməyə və karbon qazı emissiyalarını 260–330 min ton azaltmağa imkan verəcək.
Bundan əlavə, yeni yarımstansiya vasitəsilə bp-yə məxsus Səngəçal terminalının 80 MVt gücündə enerji təchizatı və "Şahdəniz" kompressor stansiyasının 85 MVt gücündə elektrik təminatı həyata keçiriləcək. Beləliklə, bu iki strateji obyektin illik 1 milyard kilovat-saatdan çox elektrik enerjisi tələbatı Azərbaycanın vahid enerji sistemi hesabına ödəniləcək.
Azad edilmiş ərazilər enerji mərkəzinə çevrilir
Layihə eyni zamanda azad edilmiş ərazilərin ölkənin enerji siyasətində qazandığı yeni rolu da əks etdirir. Cəbrayıl rayonu tədricən yalnız bərpa olunan enerji obyektlərinin yerləşdirildiyi məkan deyil, həm də Azərbaycanın strateji neft-qaz infrastrukturunu elektrik enerjisi ilə təmin edən əsas mənbələrdən birinə çevrilir.
240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi fəal şəkildə davam edir. 2026-cı ilin aprel ayında tikinti meydançasında ilk günəş paneli quraşdırılıb, əsas avadanlıqların tədarükü tamamlanıb, dayaq konstruksiyalarının və treker sistemlərinin təxminən 30 faizi artıq montaj olunub.
Tikinti işləri 2027-ci ildə başa çatdıqdan sonra stansiya ildə təxminən 500 milyon kVt-saat elektrik enerjisi istehsal edə biləcək.
Layihə bp (40,01 faiz), "SOCAR Green" (39,99 faiz), Azərbaycan Biznesin İnkişafı Fondu (10 faiz) və Macarıstanın MVM şirkətindən (10 faiz) ibarət konsorsium tərəfindən həyata keçirilir.
Layihənin əsas xüsusiyyətlərindən biri "virtual enerji ötürülməsi" mexanizminin həyata keçirilməsidir. Bu mexanizm Cəbrayılda istehsal olunan günəş enerjisinin milli enerji sistemi vasitəsilə Səngəçal terminalına çatdırılmasına imkan verəcək.
Terminal tam elektrikləşdirildikdən sonra hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunan yeddi qaz turbininin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Bu, istismar emissiyalarının təxminən 50 faiz azalmasına və qənaət edilən təbii qazın ixraca yönəldilməsinə imkan yaradacaq.
Məhz bu komponent layihəni təkcə iqlim siyasəti baxımından deyil, həm də Azərbaycanın enerji təhlükəsizliyi və ixrac strategiyası baxımından xüsusi əhəmiyyətli edir.
Bərpa olunan enerji yeni inkişaf nöqtəsinə çevrilir
Son illər Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2027-ci ilin sonunadək ölkədə günəş və külək enerjisi üzrə ümumi generasiya gücü 2 QVt-a, 2032-ci ilin sonunadək isə 8 QVt-a çatacaq.
"Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur. Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir.
Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir. Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir. Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik", - deyə Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin açılışında bildirib.
Hazırda ölkədə bərpa olunan enerji obyektlərinin ümumi quraşdırılmış gücü təxminən 1,83 QVt təşkil edir və onların enerji sisteminin ümumi quraşdırılmış gücündə payı az qala 19 faizə çatıb.
Bu həcmin 475,7 milyon kilovat-saatı külək elektrik stansiyalarının, 282,7 milyon kilovat-saatı günəş elektrik stansiyalarının, 143,6 milyon kilovat-saatı isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyalarında elektrik enerjisi istehsalı 31,2 milyon kilovat-saat, külək elektrik stansiyalarında isə 454,7 milyon kilovat-saat artıb. Ümumilikdə, su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin həcmi 463,1 milyon kilovat-saat artaraq 2,794 milyard kilovat-saata çatıb. Bu isə ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin rolunun davamlı şəkildə genişləndiyini göstərir.
Bərpa olunan enerji layihələrinin həyata keçirilməsində aparıcı beynəlxalq investorlar mühüm rol oynayır. Azərbaycanın ən iri tərəfdaşlarından biri BƏƏ-nin "Masdar" şirkətidir. Şirkət artıq ölkədə ilk sənaye tipli 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasını istismara verib. Hazırda Masdar "SOCAR Green" ilə birlikdə daha üç iri layihəni – Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyalarını, həmçinin 240 MVt gücündə "Abşeron–Qaradağ" külək elektrik stansiyasını həyata keçirir.
Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti də Azərbaycandakı fəaliyyətini ardıcıl şəkildə genişləndirir. 2026-cı ilin yanvar ayında ölkənin ən böyük 240 MVt gücündə "Xızı–Abşeron" külək elektrik stansiyasının rəsmi açılışı olub. Şirkət Azərbaycanı bərpa olunan enerji sektoruna gələcək investisiyalar üçün prioritet bazarlardan biri kimi qiymətləndirir.
Azərbaycan bazarına Çin şirkətlərinin də marağı artır. Onlar günəş və külək energetikası sahəsində yeni layihələrin müzakirəsində və həyata keçirilməsində fəal iştirak edirlər. Beləliklə, bərpa olunan enerji mənbələrinin inkişafı təkcə milli enerji strategiyasının mühüm istiqaməti deyil, həm də xarici investisiyalar üçün ən cəlbedici sahələrdən birinə çevrilir.
Paralel olaraq Azərbaycan Xəzər–Qara dəniz–Avropa marşrutunu da əhatə edən beynəlxalq "yaşıl" enerji dəhlizlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Texniki-iqtisadi əsaslandırma işləri başa çatdıqdan sonra bu layihə artıq hazırlanma mərhələsinə keçib.
"Yeni Səngəçal" layihəsi göstərir ki, Azərbaycanda bərpa olunan enejinin inkişafı artıq ayrı-ayrı günəş və külək elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır. Ölkə tədricən yeni enerji modeli formalaşdırır və bu modeldə bərpa olunan enerji mənbələri neft-qaz kompleksinin ayrılmaz hissəsinə çevrilərək onun səmərəliliyini və ekoloji dayanıqlığını artırır.
Günəş enerjisi istehsalının ölkənin ən iri ixrac terminalı ilə inteqrasiyası eyni vaxtda karbon izinin azaldılmasına, enerji sisteminin modernləşdirilməsinə və əlavə təbii qaz həcmlərinin xarici bazarlara ixracı üçün sərbəstləşdirilməsinə xidmət edir. Azərbaycan qazının ixrac coğrafiyasının genişləndiyi və bərpa olunan enerji sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyi bir dövrdə belə təşəbbüslər ölkənin həm ənənəvi, həm də "yaşıl" enerji üzrə regional və Avropa bazarlarında etibarlı təchizatçı mövqeyini möhkəmləndirməyə yönəlmiş uzunmüddətli strategiyasının mühüm tərkib hissəsinə çevrilir.