Bakı.Trend:
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan Hindistana ixrac olunan neftin həcmi açıqlanıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarət gömrük statistikasına əsasən, cari ilin yanvar–iyun aylarında Azərbaycandan Hindistana 247,4 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınan 320,5 min ton həcmində neft və neft məhsulları ixrac olunub.
Ötən ilin yanvar–iyun ayları üzrə Azərbaycandan Hindistana neft ixracına dair məlumat təqdim edilməyib.
Qurumun məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.
Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutur (5,915 milyon ton, 3,495 milyard ABŞ dolları). Sonrakı yerlərdə Çexiya (705,8 min ton, 497,4 milyon ABŞ dolları) və Bolqarıstan (358,8 min ton, 253,1 milyon ABŞ dollarından çox) qərarlaşıb.
Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Trend-in hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.