Bakı. Trend:
Nazirlər Kabineti “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla 2029-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasına hazırlıq və onun təşkili üzrə genişmiqyaslı tədbirlər planı təsdiqlənib
Bununla yanaşı, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb və onun tərkibi təsdiq edilib.
Qərara əsasən, Mərkəzi Komissiya siyahıyaalma ilə bağlı bütün dövlət orqanlarının fəaliyyətini əlaqələndirəcək, yaranan problemlərin operativ həlli üçün tədbirlər görəcək, siyahıyaalma qrupunun əməkhaqqı və xidmət haqları ilə bağlı təklifləri iki ay ərzində Nazirlər Kabinetinə təqdim edəcək, həmçinin görülən işlər barədə hər altı aydan bir hökumətə hesabat verəcək.
Sənədə görə, ölkə üzrə əhalinin siyahıyaalınması 2029-cu il oktyabrın 1-i saat 00:00 vəziyyətinə keçiriləcək. Hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə isə 2028-ci il oktyabrın 1-dən 31-dək Xaçmaz rayonunda sınaq siyahıyaalınması təşkil olunacaq.
Qərarla Dövlət Statistika Komitəsinə geniş səlahiyyət və vəzifələr verilib. Komitə siyahıyaalma qrupunu yaradacaq, işçiləri müddətli əmək müqaviləsi ilə işə qəbul edəcək, şəhər, qəsəbə və kəndlərdə orta hesabla 20 min nəfəri əhatə edən siyahıyaalma məntəqələri formalaşdıracaq. Məntəqələr təlimatçı-nəzarətçilər və sayıcılarla komplektləşdiriləcək. Sayıcıların seçilməsi zamanı işaxtaran və işsiz şəxslər, dövlət qurumlarının əməkdaşları, müəllimlər, tələbələr və uçot sahəsində təcrübəsi olan digər şəxslər mülki-hüquqi müqavilələr əsasında cəlb ediləcək.
Dövlət Statistika Komitəsi, həmçinin siyahıyaalma üçün istifadə ediləcək inzibati məlumatların siyahısını 2026-cı il sentyabrın 1-dək müəyyən etməli, həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyası üçün zəruri normativ dəyişikliklərlə bağlı təklifləri noyabrın 1-dək Mərkəzi Komissiyaya təqdim etməli, dövlət qurumları ilə birlikdə məlumat bazalarının inteqrasiyasını təmin etməlidir. Komitə 2027-ci il fevralın 1-dək təqvim planını təsdiqləyəcək.
Bundan başqa, Komitə 2027-2030-cu illər üzrə siyahıyaalmanın maliyyə tələbatını hər il Maliyyə Nazirliyinə təqdim etməli, 2027-ci il iyulun 1-dək Əhalinin Statistik Reyestrinin yaradılması ilə bağlı təkliflər hazırlamalı, ilin sonunadək siyahıyaalma və sorğu vərəqələrini təsdiqləməli, proqram təminatını hazırlamalı, metodiki sənədləri və maarifləndirici materialları çap etdirməli, reklam çarxları hazırlamalı, media vasitəsilə maarifləndirmə aparmalı, 2028-ci ilin sonunadək təşkilati planları yekunlaşdırmalı və sayıcıların təlimini təmin etməlidir. Komitə, həmçinin Mərkəzi Komissiyanın katibliyi funksiyalarını da həyata keçirəcək.
Qərarla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, Prezidentin xüsusi nümayəndəliklərinə və bütün yerli icra hakimiyyəti orqanlarına 2026-cı ilin sonunadək yerli yardım komissiyalarının yaradılması tapşırılıb. Onlar 2028-ci il oktyabrın 1-dək yaşayış məntəqələrinin adlarını, inzibati sərhədləri, küçə və ev nömrələrini dəqiqləşdirməli, təsərrüfatbaşına uçot sənədlərini statistika orqanlarına təqdim etməli, 2028-ci ilin oktyabrından 2029-cu ilin sonunadək isə inzibati ərazi bölgüsü və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı yeni təkliflər verməməlidirlər. Bundan əlavə, 2029-cu il avqustun 1-dək siyahıyaalma məntəqələri üçün telefon, internet və digər avadanlıqla təchiz olunmuş binalar ayrılmalıdır.
Maliyyə Nazirliyinə 2027-2030-cu illərin dövlət büdcələrində siyahıyaalma üçün tələb olunan vəsaitin nəzərdə tutulması tapşırılıb.
Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət İmtahan Mərkəzi və "Azərişıq" ASC öz informasiya ehtiyatlarında olan məlumatların Dövlət Statistika Komitəsinin bazasına inteqrasiyasını və onların mütəmadi yenilənməsini təmin etməlidirlər.
Səhiyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, eləcə də qərarın əlavəsində göstərilən digər dövlət qurumları tabeliklərində olan rejimli obyektlərdə yaşayan şəxslərin siyahıyaalınmasını həyata keçirərək materialları Dövlət Statistika Komitəsinə təqdim edəcəklər. Xarici İşlər Nazirliyi isə xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının siyahıyaalınmasını təşkil edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Prezidentin xüsusi nümayəndəlikləri və yerli icra hakimiyyəti orqanları mehmanxanalarda, qatarlarda, gəmilərdə, hava və dəniz limanlarında, vağzallarda və stansiyalarda hərəkətdə olan şəxslərin siyahıyaalınmasını təmin edəcək. Nazirlik eyni zamanda məlumat bazalarının inteqrasiyası, telekommunikasiya şəbəkələrinin dayanıqlılığı və inzibati məlumatların keyfiyyətinin artırılması üçün texniki tədbirlər görəcək.
Qərarda, həmçinin Dövlət Statistika Komitəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə fərdi məlumatların qorunması ilə bağlı normativ tələblərin təmin edilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə siyahıyaalma məlumat bazasının kibertəhlükəsizliyinin təmin olunması tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi siyahıyaalma üçün kadr təminatında Dövlət Statistika Komitəsinə dəstək verəcək, İqtisadiyyat Nazirliyi isə 2028-ci il sentyabrın 1-dək (Xaçmaz rayonu üzrə 2027-ci il sentyabrın 1-dək) yaşayış məntəqələrinin rəqəmsal xəritələrini və sxematik planlarını təqdim edəcək. Xaçmaz Rayon İcra Hakimiyyətinə sınaq siyahıyaalınması üçün bütün hazırlıq işlərini vaxtında başa çatdırmaq tapşırılıb.
Qərara əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC də əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı televiziya və radioda müntəzəm xüsusi verilişlər hazırlayacaq, görülən işlərin geniş işıqlandırılmasını təmin edəcək.