Bakı. Trend:
Sabah Azərbaycanın bəzi rayonlarında 39 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 22-27°C, gündüzlər 30-35°C, birinci və ikinci ongünlüyün bəzi günlərində 40°C-yə yaxın isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-8 mm).