Bakı. Trend:
Azərbaycan və İran gömrük xidmətləri sərhəd keçidlərinin sinxronlaşdırılması və tranzit daşımalarının sürətləndirilməsi məsələlərini müzakirə edib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, iyulun 30-da İran İslam Respublikasının Biləsuvar şəhərində DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və İranın iqtisadiyyat və maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüş zamanı nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrindən sinxron buraxılması, elektron məlumat mübadiləsinin təşkili, əməliyyatların operativliyinin artırılması və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin Azərbaycandan İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin daha sürətli keçidinin təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və hərəkət intensivliyinin artırılması məsələlərini müzakirə ediblər.
Görüşün yekununda tərəflər arasında protokol imzalanıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti İranın Biləsuvar gömrük postunun, İran nümayəndə heyəti isə Azərbaycanın Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti ilə tanış olub.