Bakı.Trend:
Böyük Britaniyada evtanaziyanın leqallaşdırılması məsələsi xəstələrə qulluq mərkəzlərində göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşdırılana qədər təxirə salınmalıdır.
TASS-ın məlumatına görə, bunu Birləşmiş Krallığın Baş naziri Endi Bernem bildirib.
"Şəxsən mən hesab edirəm ki, ilk növbədə, palliativ və sosial yardımın maliyyələşdirilməsi sistemi dəyişdirilməlidir. İnsanlar bu yardımı almadığı halda, bu mövzuda daha geniş müzakirələrə başlamaq çox çətindir", – deyə hökumət başçısı Londondakı qocalar evlərindən birində çıxışı zamanı bildirib.
Bernem qeyd edib ki, ağır xəstələrə qulluq sahəsində islahat proqramını 2027-ci ildə təqdim etməyi planlaşdırır. O bu məsələ ilə bağlı müxalifətlə əməkdaşlığa hazır olduğunu da vurğulayıb.
Evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi 2025-ci ilin iyununda Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) üçüncü oxunuşda deputatlar tərəfindən təsdiqlənib. Daha sonra sənəd Lordlar Palatasına (yuxarı palata) təqdim olunub. Lakin Lordlar Palatasının üzvləri layihənin mətninə 1 000-dən çox düzəliş təklif etdiklərinə görə onun müzakirəsi parlament sessiyası aprel ayında başa çatanadək yekunlaşmayıb.
Qanun layihəsinin sentyabr ayında hakim Leyboristlər Partiyasının deputatı Loren Edvards tərəfindən yeni parlament sessiyası çərçivəsində yenidən təqdim ediləcəyi gözlənilir.