Bakı. Trend:
Ukrayna və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Bu barədə hər iki ölkənin xarici işlər naziri sosial şəbəkə hesablarında paylaşım ediblər.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, o, iranlı həmkarı ilə səmimi telefon danışığı aparıb. Sibiqa bildirib ki, ən çətin vəziyyətlərdə belə diplomatiya birbaşa dialoq üçün mühüm vasitə olaraq qalır və Ukraynanın əsas məqsədi gərginliyin daha da artmasının qarşısını almaqdır.
O, bir daha vurğulayıb ki, Ukraynanın bütün hərəkətləri yalnız Rusiya təcavüzünə qarşı müdafiəyə yönəlib.
"Bir daha vurğuladım ki, Ukraynanın bütün hərəkətləri yalnız ölkəmizi Rusiya təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya mülki şəxslərə qarşı istiqamətlənməyib", – deyə Sibiqa İran gəmisinin son insident zamanı zərər görməsi ilə bağlı məsələyə də münasibət bildirib.
"Məqsədimiz bütün hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı mübarizə aparmaqdır. Bütün təxribatlara və itkilərə görə tam məsuliyyət Rusiyanın üzərinə düşür", – deyə Sibiqa vurğulayıb.
Telefon danışığı zamanı nazir İranı eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyini dayandırmağa çağırıb.
Öz növbəsində, İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində paylaşım edərək Ukraynanı Xəzər dənizində İran ticarət gəmisinə endirilən zərbə nəticəsində dəymiş ziyanın ödənilməsinə çağırıb.
Əraqçi bildirib ki, İran gərginliyin artmasında maraqlı deyil, lakin ölkə vətəndaşlarına və milli maraqlarına qarşı istənilən hücum qəbuledilməzdir. Onun sözlərinə görə, hadisə nəticəsində dəymiş zərər kompensasiya edilməlidir.
İran XİN rəhbəri əlavə edib ki, Andriy Sibiqa telefon danışığı zamanı İran gəmisinə zərbənin qəsdən endirilmədiyini və Kiyevin eskalasiyada maraqlı olmadığını bildirib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində, Rusiyanın ərazi sularında İran ticarət gəmisinin vurulduğunu, hadisə nəticəsində isə gəmi heyətinin bir üzvünün həlak olduğunu açıqlamışdı.