Bakı.Trend:
İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycanın Azeri Light markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,4 faiz artaraq bir barel üçün 86,83 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarının iştirakçılarından əldə olunan məlumatda bildirilir.
"Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 faiz artaraq bir barel üçün 83,18 ABŞ dollarına çatıb. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,49 ABŞ dolları və ya 0,9 faiz azalaraq bir barel üçün 51,18 ABŞ dolları olub. Şimal dənizində hasil olunan Dated Brent markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,34 ABŞ dolları və ya 0,4 faiz enərək bir barel üçün 82,22 ABŞ dolları təşkil edib", – məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
"Trading Economics"in məlumatına görə, cümə axşamı Brent markalı neftin qiyməti bir barel üçün 85 ABŞ dolları ətrafında dəyişərək son bir ayın maksimum səviyyəsinə yaxın qalıb. Buna səbəb ABŞ-nin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə İrana qarşı hərbi kampaniyanı gücləndirməsidir.
" ABŞ qüvvələri çərşənbə günü strateji əhəmiyyətli su yolunun yaxınlığında yerləşən İranın raket anbarlarına və buraxılış qurğularına yeni hava zərbələri endirib. Bundan əlavə, KİV-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın genişləndirilməsinə meyillidir və İranın əsas neft ixrac terminalı olan Xark adasının ələ keçirilməsi imkanını müzakirə edib.
Münaqişənin kəskinləşməsi neft qiymətlərini son bir ayın ən yüksək səviyyəsinə yüksəldib və Yaxın Şərqdən neft tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqları yenidən artırıb. Bunun nəticəsində qiymətlər qlobal neft təklifi ilə bağlı gözləntiləri yaxşılaşdıran müvəqqəti sülh sazişinin imzalanmasından sonra ikinci rübdə qeydə alınmış enişin təxminən üçdəbirini bərpa edib", – T"rading Economics"in məlumatında bildirilir.
Qeyd olunur ki, Ukraynanın Rusiyanın yanacaq istehsalı obyektlərinə və neft tankerlərinə qarşı davam edən hücumları da qiymətlərə əlavə dəstək verib. Bu amil qlobal neft tədarükü ilə bağlı vəziyyətin daha da gərginləşəcəyi barədə narahatlıqları artırıb.