Bakı. Trend:
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və İordaniyadakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Bu barədə İranın "Press TV" telekanalı və "Mehr" agentliyi məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, "Nəsr-2" əməliyyatının səkkizinci mərhələsi çərçivəsində ABŞ-nin Küveytdə yerləşən "Əli əs-Səlim" aviabazasındakı C-RAM erkən xəbərdarlıq radiolokasiya sistemi və ABŞ hərbçilərinin dislokasiya məntəqəsi zərbələrin hədəfi olub.
“Mehr” agentliyinin məlumatına əsasən, eyni zamanda, ABŞ-nin İordaniyadakı "Əl-Əzraq" aviabazasına da zərbələr endirilib. Bildirilir ki, hücum nəticəsində ABŞ Silahlı Qüvvələrinə məxsus rabitə sistemləri və yanacaq anbarları hədəfə alınıb.
ABŞ və Küveyt, eləcə də İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.