Bakı. Trend:
Böyük Britaniya hökuməti Avropa İttifaqı (Aİ) ilə Ukraynanın hərbi maliyyələşdirilməsi üçün nəzərdə tutulan 90 milyard avroluq proqrama qoşulmaq barədə razılıq əldə edib.
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
"Böyük Britaniyanın müdafiə şirkətləri bu proqram çərçivəsində ayrılan kredit hesabına maliyyələşdirilən müqavilələr üzrə tenderlərdə iştirak etmək imkanı əldə edəcəklər. Bu, bir neçə milyard avro həcmində potensial investisiyalara çıxış açacaq, ölkə üzrə yüksək ixtisaslı iş yerlərinin qorunmasına töhfə verəcək və Böyük Britaniyanın dünya səviyyəsində aparıcı müdafiə-sənaye bazasını daha da gücləndirəcək. Böyük Britaniyanın təşəbbüsə töhfəsi britaniyalı istehsalçıların əldə edəcəyi müqavilələrin dəyərinə mütənasib olacaq", - bəyanatda deyilir.
Müvafiq açıqlama Böyük Britaniyanın Baş naziri Kir Starmerin Parisdə keçirilən "İstəklilər koalisiyası"nın sammitində iştirakı fonunda verilib.