Bakı. Trend:
"PAŞA Bank" IPO-suna 66,3 milyon manatlıq sifariş daxil olub.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev Bakı Fond Birjasında baş tutan "PAŞA Bank” ASC səhmlərinin kütləvi təklifi üzrə emissiyanın qeyd olunması və səhmlərlə təkrar bazar əməliyyatlarının başlanmasına həsr olunmuş “Açılış Zəngi” mərasimində deyib.
"PAŞA Bank" olaraq Azərbaycanın ilk özəl bank IPO-sunu və özəl sektor tərəfindən həyata keçirilən ilk IPO-nu uğurla tamamlamışıq. Bu gün isə səhmlərimizin Bakı Fond Birjasında təkrar bazarda ticarətinə start verilir və bunun rəmzi olaraq "Açılış Zəngi" mərasimində bir araya gəlmişik. Bu IPO bir sıra mühüm göstəricilərlə yadda qaldı. Ən önəmli məqamlardan biri investor tələbinin təklifi üstələməsi oldu. Təklif edilən 51,3 milyon manatlıq səhmlərə qarşı 66,3 milyon manat məbləğində sifariş daxil olub. Təxminən 18 min investor tərəfindən 20 mindən çox sifariş təqdim edilib", - sədr bildirib.
C. Quliyev vurğulayıb ki, Azərbaycan kapital bazarları tarixində investor tələbinin təklifi üstələdiyi ilk IPO olan bu nəticə həm "PAŞA Bank"a, həm də ölkənin kapital bazarlarına göstərilən etimadın bariz nümunəsidir: "Biz bu hadisəni təkcə uğurlu yerləşdirmə kimi deyil, eyni zamanda kapital bazarlarımızın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Daha geniş investor kütləsinin formalaşması, şirkətlər üçün yeni maliyyələşmə imkanlarının yaranması və investisiya mədəniyyətinin inkişafı ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafı baxımından böyük əhəmiyyət daşıyır".
"İnanıram ki, bu IPO gələcəkdə kapital bazarlarına çıxmağı planlaşdıran digər şirkətlər üçün də uğurlu nümunə olacaq və bazarın daha da dərinləşməsinə töhfə verəcək", - o əlavə edib.