Bakı.Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Suriyadakı məxfi obyektdən nüvə materiallarını çıxara biləcək. Bu məsələ ilə bağlı Suriyanın, İsrailin və Tramp administrasiyasının nümayəndələrinin iştirakı ilə aparılan danışıqlar bir neçə ay davam edib.
Bu barədə “Axios” ABŞ və İsrail rəsmilərinin sözlərinə istinadən yazıb.
Söhbət “99 saylı obyekt” adlandırılan məkandan gedir. İsrailin iki rəsmi şəxsinin sözlərinə görə, Bəşər Əsəd rejimi burada “Əl-Kibar” nüvə reaktoru layihəsi ilə bağlı materiallar saxlayıb. Nəşrin amerikalı mənbələri dəqiqləşdirib ki, həmin materiallar arasında “sarı keks” adlandırılan uran konsentratı da olub.
Məlumatda qeyd edilib ki, bu materialların heç biri nüvə silahının hazırlanması üçün istifadə edilə bilməz. Lakin onların köməyi ilə ətraf-mühiti çirkləndirən bomba hazırlamaq mümkündür.