Bakı. Trend
Azərbaycan 2030-cu ilədək 500 milyon ABŞ dollarına qədər həcmdə ilk sukuk buraxılışını həyata keçirə bilər.
Bu barədə İslam İnkişaf Bankı Qrupunun yeni hesabatında bildirilir.
“Proqnozlaşdırırıq ki, 2030-cu ilə qədər, yəni 5 illik proqnoz dövründə Azərbaycanda təxminən 500 milyon ABŞ dolları diapazonunda debüt sukuk buraxılışı həyata keçirilə bilər. Bu, ölkənin yüksək suveren kredit profili və mövcud fiskal imkanları nəzərə alınmaqla qiymətləndirilir. Vacib keyfiyyət fərziyyəsi isə zəruri ekosistem amillərinin, o cümlədən tənzimləyici dəstəyin, qanunvericilik dəyişikliklərinin və islahatların formalaşdırılmasıdır”, — deyə Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində təqdim olunan İslam İnkişaf Bankı İnstitutu (IsDBI) və Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyasının (ITFC) hesabatında qeyd olunur.
Bundan əlavə, IsDBI və ITFC proqnozlaşdırır ki, Azərbaycanda dövlət borcu və islam maliyyəsi bazarı böyüdükcə buraxılış həcmlərinin daha da artması mümkündür. 2035-ci ilə qədər bu göstərici təxminən 1,5 milyard ABŞ dollarına çata bilər.
“Azərbaycanda ənənəvi borc alətlərinin ümumi buraxılış həcmi ilə müqayisədə — bizim proqnozlarımıza görə, bu göstərici 2025-ci ildə 3,4 milyard dollardan 2035-ci ilə qədər 8,8 milyard dollara yüksələcək — sukuk 2030-cu ilə qədər ümumi həcmin 9 faizinə, 2035-ci ilə qədər isə 17 faizinə ekvivalent təşkil edə bilər. Bu artım trayektoriyası digər bazarların təcrübəsi nəzərə alınmaqla real görünür”, — deyə hesabatda bildirilir.
Proqnozlaşdırma metodologiyası kimi IsDBI və ITFC ekspertləri islam maliyyəsinin inkişaf etməkdə olan bazarlarında sukuk buraxılışlarının tarixi nümunələrinin, həmçinin inkişaf etmiş islam maliyyə sisteminə malik ölkələrdə və İslam Əməkdaşlıq Təşkilatından kənar ölkələrdə debüt yerləşdirmələrin təhlilindən istifadə ediblər.
Qeyd olunur ki, inkişaf etməkdə olan bazarlarda debüt buraxılışlar adətən təxminən 500 milyon dollar təşkil edib. Buna Pakistan — 600 milyon dollar, Oman — 520 milyon dollar, İndoneziya — 500 milyon dollar, Maldiv adaları — 200 milyon dollar nümunə göstərilir. Daha inkişaf etmiş və ya formalaşmaqda olan mərkəzlərdə isə debüt buraxılışlar daha yüksək olub — təxminən 1–1,5 milyard dollar. Buna Türkiyə — 1,5 milyard dollar, Misir — 1,5 milyard dollar, Filippin — 1 milyard dollar və Honkonq — 1 milyard dollar nümunədir.
Ümumilikdə bu səkkiz ölkə Azərbaycanın sukuk bazarındakı potensialının qiymətləndirilməsi üçün baza rolunu oynayıb. Həmçinin 2035-ci ilə qədər ümumi borc yerləşdirmələri bazarının proqnozu 2025-ci ilin məlumatları əsasında və illik 10 faizlik artım fərziyyəsi ilə hazırlanıb.