Bakı. Trend:
Ötən ilin iyun ayında ABŞ, İsrail və İran arasında başlayan hərbi eskalasiya 12 gün davam etdikdən sonra tərəflərin diplomatik kanallara üstünlük verməsi və ABŞ-İran nüvə danışıqlarının bərpası ilə nisbətən səngimişdi. Lakin bu ilin 28 fevral tarixində gərginliyin yenidən alovlanması münaqişənin daha təhlükəli mərhələyə keçdiyini nümayiş etdirdi. Hərbi qarşıdurmanın yenidən gündəmə gəlməsi təkcə region ölkələri üçün deyil, həm də qlobal iqtisadiyyat üçün ciddi risklər yaratdı.
Münaqişənin dərinləşməsi siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, beynəlxalq ticarətə, enerji bazarlarına, tranzit marşrutlarına və yükdaşımalarına da mənfi təsir göstərirdi.
Xüsusilə dünyanın ən mühüm enerji nəqliyyat arteriyalarından biri hesab olunan Hörmüz boğazında İran tərəfindən tətbiq edilən məhdudiyyətlər və buna cavab olaraq ABŞ-nin Oman körfəzi istiqamətində həyata keçirdiyi dəniz blokadası vəziyyəti daha da mürəkkəbləşdirirdi. Bu addımlar qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırmaqla yanaşı, neft və qaz qiymətlərində kəskin dalğalanmaların yaranmasına səbəb olmuşdu.
Artan gərginlik Yaxın Şərqdə iqtisadi əməkdaşlıq layihələrinin icrasına, regional inteqrasiya proseslərinə və ölkələrin uzunmüddətli inkişaf strategiyalarına da mənfi təsir göstərirdi.
Son günlər müşahidə olunan proseslər isə tərəflərin hərbi qarşıdurmanı davam etdirmək əvəzinə diplomatik həll yollarına üstünlük verdiklərini göstərir. ABŞ və İran arasında aparılan intensiv danışıqlar nəticəsində razılaşmanın əldə olunması istiqamətində mühüm irəliləyişlərin olduğu bildirilir. Bu fonda yaxın günlərdə İsveçrədə tərəflər arasında sülh memorandumunun imzalanacağı barədə məlumatlar regionda sabitliyin bərpasına dair ümidləri artırır.
Maraqlıdır ki, həm Vaşinqton, həm də Tehran əldə olunan nəticəni öz diplomatik uğuru kimi təqdim edir. ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İranla razılaşmanın tamamlandığını bəyan edərək Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün rüsumsuz açılmasına razılıq verildiyini və ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının dərhal ləğv olunması barədə göstəriş verdiyini açıqlayıb.
İran Prezidenti Məsud Pezeşkian isə əldə edilmiş razılaşmanı İran diplomatiyasının mühüm qələbəsi kimi qiymətləndirib. O bildirib ki, son həftələr ərzində İran qonşu ölkələrlə mövcud problemlərin əksəriyyətinin həllinə nail olub və bundan sonra əsas diqqət regional əməkdaşlığın genişləndirilməsinə, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı faydalı layihələrin inkişafına yönəldiləcək.
Qeyd etmək lazımdır ki, münaqişənin davam etdiyi dövrdə bir sıra regional və beynəlxalq aktorlar tərəflər arasında vasitəçilik təşəbbüsləri ilə çıxış etmiş, gərginliyin azaldılması və sülhün təmin olunması istiqamətində səylər göstərmişdilər. Bu təşəbbüslər diplomatik həll imkanlarının qorunub saxlanılmasında mühüm rol oynayıb.
Ümumilikdə, ABŞ və İran arasında əldə olunan razılaşma yalnız iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından deyil, həm də regional sülhün gücləndirilməsi, beynəlxalq ticarətin bərpası və qlobal iqtisadi sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji ixracatçısı və tranzit ölkələri üçün bu razılaşma yeni iqtisadi imkanlar yarada, investisiya mühitinin yaxşılaşmasına və ticarət dövriyyəsinin artmasına təkan verə bilər.
Bu baxımdan, tərəflərin əldə etdiyi razılıq təkcə ABŞ və İran üçün deyil, bütövlükdə regionun gələcək inkişafı və beynəlxalq iqtisadi münasibətlərin sabitliyi üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.