Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Ukraynadan Azərbaycana gətirilən 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir.
Bu barədə ƏƏSMN məlumat yayıb.
Reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ və Şəkiyə tur təşkil edilib. Ekskursiya zamanı uşaqlar Qəbələdə Tufandağ İstirahət Kompleksini və Qəbələ Arxeoloji Mərkəzini, Şəkidə Xan Sarayını və Karvansaray kompleksini ziyarət ediblər.
Onlara Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Eləcə də uşaqlar bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixososial təlimlərə cəlb olunurlar.
"10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır", - məlumatda bildirilib.
Qeyd edək ki, Ukraynadan Azərbaycana gətirilən daha 30 uşaq reabilitasiya xidmətləri ilə əhatə olunub. İlk mərhələdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində müayinədən keçirilib və hər biri üçün fərdi reabilitasiya proqramı tərtib edilib.







