Bakı. Trend:
“PAŞA Sığorta” korporativ sosial məsuliyyət fəaliyyətləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunan “Məzun Günü” tədbirinə dəstək göstərib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən təşəbbüs orta məktəbi başa vuran şəhid övladlarını bir araya gətirərək onların həyatında əlamətdar və yaddaqalan bir gün yaşatmaq məqsədi daşıyıb. Tədbir iştirakçıları üçün xüsusi proqram təşkil olunub, məzunların uğurları qeyd edilib və onların gələcək təhsil və karyera yolunda yeni mərhələyə qədəm qoymaları münasibətilə təbriklər səsləndirilib. Şəhid övladlarının çıxışları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Səmimi və yüksək əhval-ruhiyyədə keçən tədbirin əsas məqsədi bu əlamətdar günü şəhid ailələri ilə birlikdə qeyd etmək, məzun olan gənclərin sevincinə ortaq olmaq və onlara mənəvi dəstək göstərmək olub.
“PAŞA Sığorta” cəmiyyət üçün dəyər yaradan sosial layihələrə dəstəyini davam etdirərək, gənc nəslin inkişafına töhfə verməyi və onların sevincini paylaşmağı özünün əsas prioritetlərindən biri hesab edir. Şirkət ötən illərdə olduğu kimi, bundan sonra da sosial həssas qruplara yönəlmiş təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.