Bakı. Trend:
Platforma provayderləri qanunun tələblərinin icrası ilə bağlı müvafiq icra hakimiyyəti orqanına mütəmadi, o cümlədən illik hesabatlar təqdim etməlidirlər.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Novruz Orucov İnzibati Xətalar Məcəlləsi və bir sıra qanunıarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
Şöbə müdiri bildirin ki, həmin illik hesabatlar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən platforma provayderlərinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğu qiymətləndiriləcək və zəruri hallarda müvafiq tədbirlər görüləcək.
Eyni zamanda, qanunun tələblərinə uyğun olaraq platforma provayderlərinə sorğular göndərilə bilər və həmin sorğuların 5 iş günü müddətində cavablandırılması da platforma provayderlərinin öhdəliyi kimi müəyyən edilir.
Bu tələblərin yerinə yetirilməməsi ilə bağlı paralel olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər nəzərdə tutulur. Həmin dəyişikliklərə əsasən, platforma provayderləri qanunvericiliyin tələblərini pozduqları halda inzibati məsuliyyət daşıyacaqlar.
O vurğulayıb ki, platforma provayderləri yaşın müəyyən edilməsi və digər texniki prosedurlar çərçivəsində fərdi məlumatlarla bağlı əməliyyatlar həyata keçirirlər. Bu baxımdan ölkə qanunvericiliyinə uyğun olaraq fərdi məlumatların mühafizəsinə nəzarət edən səlahiyyətli dövlət qurumları mövcuddur.
Həmin dövlət qurumları həm “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə, həm də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq qaydalara əsasən, fərdi məlumatların mühafizəsi sahəsində monitorinqlər aparmaq və nəzarət tədbirləri həyata keçirmək səlahiyyətinə malikdirlər.
“Yəni həm qüvvədə olan qanunvericilik, həm də hazırda müzakirə edilən qanun layihəsində nəzərdə tutulan müddəalar əsasında platforma provayderlərinin fəaliyyətinə kompleks və sistemli nəzarət həyata keçiriləcək”, - deyə N.Orucov qeyd edib.