Bakı. Trend:
16 yaşadək uşaqlara sosial şəbəkələrdə məhdudiyyət tətbiq edilməsini nəzərdə tutan qanun layihəsində bütün internet platformalarına deyil, əsasən kütləvi məzmun paylaşımı və geniş kommunikasiya imkanları təqdim edən sosial media platformalarına tətbiq olunacaq.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Milli Kiber Təhlükəsizlik Agentliyində sektor müdiri Həvva Hüseynli İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanun layihəsində təhsil, səhiyyə və digər faydalı fəaliyyətlər üçün istifadə olunan platformaların məhdudlaşdırılması nəzərdə tutulmur.
“Hazırda söhbət yaş məhdudiyyətinin tətbiq ediləcəyi sosial şəbəkə platformalarının müəyyənləşdirilməsindən gedir. Bu siyahı müvafiq dövlət qurumları tərəfindən formalaşdırılacaq. Uşaqların asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edən, təhsil, səhiyyə və digər peşəkar fəaliyyətlər üçün nəzərdə tutulan platformalarla bağlı hər hansı məhdudlaşdırıcı tədbir nəzərdə tutulmur”, - deyə H.Hüseynli bildirib.
O qeyd edib ki, qanun layihəsinin əsas hədəfi kütləvi məzmun paylaşımını və geniş auditoriyalar arasında ünsiyyəti təmin edən sosial media platformalarıdır.
Sektor müdiri vurğulayıb ki, məqsəd uşaqların təhsil və inkişaf imkanlarını məhdudlaşdırmaq deyil, onların rəqəmsal mühitdə təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməkdir.