Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.
Trend xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şərait, uşaqlara göstərilən sosial xidmətlər və onların reabilitasiya prosesi ilə yaxından tanış olublar.
Mediatur çərçivəsində jurnalistlərə müəssisədə yaşayan uşaqların hazırladıqları əl işləri və yaradıcılıq nümunələri nümayiş etdirilib. Müəssisə rəhbərliyi təqdim olunan əsərlərin müəllimlərin və uşaqların böyük zəhməti hesabına ərsəyə gəldiyini vurğulayıb.
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova jurnalistlərə açıqlamasında bildirib ki, müəssisə 1984-cü ildən fəaliyyət göstərir və 200 nəfərlik tutuma malikdir. Hazırda burada 173 uşağa sosial xidmət göstərilir.
“Müəssisənin əsas fəaliyyət istiqaməti əlilliyi olan uşaqların sosial reabilitasiyasının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və ailələrə dəstək məqsədilə müxtəlif sosial xidmətlərin göstərilməsidir. Müəssisə stasionar və yarımstasionar formada fəaliyyət göstərir. Burada uşaqlara sosial-məişət, sosial-pedaqoji, sosial-psixoloji və tibbi-sosial xidmətlər təqdim olunur”, – deyə o qeyd edib.
Direktorun sözlərinə görə, müəssisədə təhsilə cəlb olunmayan əlilliyi olan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərilir.
“Uşaqlar müəssisədə daimi yaşayırlar. Valideynlər istədikləri zaman, o cümlədən həftəsonları övladlarını evə apara bilərlər. Buradakı uşaqların əksəriyyətinin 24 saat fasiləsiz qayğıya ehtiyacı var. Müəssisədə 5-18 yaş aralığında olan uşaqlar yaşayır. Onlar 18 yaşına çatdıqdan sonra diaqnozlarına uyğun olaraq müvafiq sosial xidmət müəssisələrinə yönləndirilirlər”, – deyə S.Məlikova əlavə edib.
Mediatur zamanı Sosial Xidmətlər Agentliyinin əməkdaşı Sərvar Abdullayev də agentliyin fəaliyyəti və göstərilən xidmətlər barədə məlumat verib.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi mövcuddur. Bu müəssisə və filiallar vasitəsilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımıza müxtəlif sosial xidmətlər göstərilir. Həmin xidmətlər stasionar, yarımstasionar və səyyar formada təşkil olunur”, – deyə S.Abdullayev bildirib.
O qeyd edib ki, media nümayəndələrinin tanış olduğu müəssisədə də benefisiarlar stasionar və yarımstasionar xidmətlərlə təmin edilirlər.
“Bu gün tanış olduğunuz müəssisədə də şahid oldunuz ki, burada benefisiarlarımıza stasionar və yarımstasionar formada xidmətlər göstərilir. Ümumilikdə agentlik tərəfindən hazırda mindən çox uşağa stasionar və yarımstasionar formada xidmət təqdim olunur. Həmin uşaqlardan 500-ə yaxını əlilliyi olan uşaqlardır”, – deyə o vurğulayıb.
S.Abdullayev əlavə edib ki, sosial xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar agentliyə və ya rayonlarda fəaliyyət göstərən filiallara müraciət edə bilərlər.
“Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlarımız Sosial Xidmətlər Agentliyinə və ya rayonlarda yerləşən filiallarımıza müraciət edə bilərlər. Müraciətlər qiymətləndirildikdən sonra onların ehtiyaclarına uyğun sosial xidmətlərlə təmin olunmaları həyata keçirilir”, – deyə agentlik rəsmisi qeyd edib.
Mediatur zamanı müəssisənin psixoloqu Könül Babaşzadə də uşaqlarla aparılan işlər barədə məlumat verib.
Onun sözlərinə görə, müəssisədə uşaqların fərdi xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla müxtəlif terapiya proqramları həyata keçirilir.
“Burada uşaqlarla müxtəlif terapiya istiqamətlərində məşğul oluruq. Əsas fəaliyyət sahələrimizdən biri tətbiqi davranış terapiyasıdır və xüsusilə ABA terapiyasından istifadə edirik. Bununla yanaşı, uşaqlar oyun terapiyası, art terapiya, nağıl terapiyası, qum terapiyası, musiqi terapiyası və əmək terapiyasına da cəlb olunurlar”, – deyə o bildirib.
K.Babaşzadə vurğulayıb ki, həyata keçirilən terapiyaların əsas məqsədi uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların özlərini cəmiyyətdə ifadə etmə bacarıqlarını inkişaf etdirmək və davranışlarını tənzimləməkdir.
“Çalışırıq ki, uşaqlar gündəlik həyat fəaliyyətlərini daha müstəqil şəkildə yerinə yetirə bilsinlər. Bütün fəaliyyətlərimizin mərkəzində onların inkişafı və cəmiyyətə uyğunlaşması dayanır. Bununla yanaşı, hesab edirik ki, uşaqların ən çox ehtiyac duyduğu amillər sevgi, qayğı və diqqətdir. Biz də onlara məhz bu dəstəyi göstərməyə çalışırıq”, – deyə psixoloq əlavə edib.
Mediatur zamanı müəssisənin loqopedi Səbuhi Sultanov da uşaqlarla aparılan reabilitasiya işləri barədə məlumat verib.
Onun sözlərinə görə, müəssisədə hər gün orta hesabla 13-14 uşağın sosial reabilitasiyası həyata keçirilir və ay ərzində bu göstərici 40-60 uşağa çatır.
“Müəssisəmizdə müxtəlif nitq qüsurları olan uşaqlar var. Nitq qüsurunun xarakterindən asılı olaraq hər bir uşaq üçün fərdi reabilitasiya proqramı hazırlanır. Bu proqramlar əsasında uşaqlarla 3-6 ay müddətində işlənilir, zəruri hallarda isə təkrar qiymətləndirmələr aparılır. Məqsədimiz uşaqların özünüifadə bacarıqlarının formalaşdırılması, nitqinin inkişaf etdirilməsi və gündəlik həyatda ünsiyyət imkanlarının genişləndirilməsidir”, – deyə o bildirib.
S.Sultanov qeyd edib ki, uşaqların inkişaf səviyyəsinə uyğun olaraq fərqli metodlardan istifadə olunur.
“Bəzi uşaqlarda nitq mövcud olur və biz həmin uşaqlarda rabitəli nitqin inkişafı üzərində işləyirik. Bəzi uşaqlarda isə nitq formalaşmayıb. Belə hallarda proses mərhələli şəkildə aparılır. Əgər uşaq səsləri tələffüz edə bilirsə, ona hecalar öyrədilir. Hecaları tələffüz etdikdən sonra sözlərə, söz birləşmələrinə və daha sonra cümlələrə keçilir. Bu proses uşağın nitq bacarıqları formalaşana qədər davam edir”, – deyə loqoped vurğulayıb.
O əlavə edib ki, müəssisədə əsasən nitq qüsurları və inkişaf pozuntuları olan uşaqlarla iş aparılır.
“İnkişaf pozuntusu olan uşaqlarda hər zaman tam nəticə əldə etmək mümkün olmur. Lakin əsas məqsəd hər bir uşağın potensialına uyğun inkişafını təmin etməkdir. Hansı uşaq hansı mərhələyə qədər irəliləyə bilirsə, biz onun həmin səviyyəyə çatmasına və bacarıqlarını maksimum inkişaf etdirməsinə çalışırıq”, – deyə S.Sultanov qeyd edib.
















