Bakı. Trend:
“Şahdəniz” qaz-kondensat yatağının Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanmasından 30 il ötür.
Trend bp-yə istinadən xəbər verir ki, bu müddət ərzində “Şahdəniz” Azərbaycanın enerji sektorunun inkişafında strateji rol oynayan ən iri layihələrdən birinə çevrilib. Layihə çərçivəsində yataqdan ilk kommersiya hasilatı 2006-cı ildə əldə edilib və hazırda hasilat əməliyyatları Şahdəniz 1 və Şahdəniz 2 mərhələləri üzrə davam etdirilir.
Məlumata görə, ilk hasilat başlayandan 2026-cı ilin 1-ci rübünün sonunadək “Şahdəniz” yatağından ümumilikdə 271 milyard kubmetr qaz və təxminən 53 milyon ton kondensat hasil olunub.
Qeyd edilib ki, 2025-ci ildə Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından təxminən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib. Hazırda yataqda 34 quyu qazılıb, onlardan 32-si istismardadır.
Layihənin ixrac infrastrukturu çərçivəsində hasil edilən qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa bazarlarına nəql olunur. 2006-cı ildən etibarən CQBK və CQBKG ilə ümumilikdə təxminən 271 milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib.
Bildirilib ki, “Şahdəniz” yatağı Azərbaycanın regional və beynəlxalq qaz təchizatçısı kimi rolunu gücləndirməklə yanaşı, ölkəyə iri həcmli xarici investisiyaların cəlb olunmasına şərait yaradıb. Layihə çərçivəsində müasir dəniz və quru infrastruktur beynəlxalq standartlara uyğun şəkildə inşa edilib.
Layihənin ümumi kapital xərcləri 2026-cı ilin birinci rübünün sonuna 31 milyard dollar təşkil edib. “Şahdəniz” həmçinin yüksək əməliyyat təhlükəsizliyi və ekoloji standartlara uyğunluğu ilə seçilən layihələrdən biri kimi qiymətləndirilir.
Qeyd olunur ki, yataqda ümumilikdə 16 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi aparılıb, həmçinin 98 dəniz, quru və sahilyanı monitorinq tədqiqatı həyata keçirilib.
“Şahdəniz” yatağı Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə “Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.
Eyni zamanda, “Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub.
“Şahdəniz” sazişinin 30 illiyi Azərbaycan neft-qaz sənayesinin yeni inkişaf mərhələsini əks etdirən mühüm hadisə kimi qiymətləndirilir.



