Bakı. Trend:
Ötən sutka ərzində (27 may) İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 26 gəmi keçib.
Trend xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.
Məlumata görə, boğazdan neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri keçib və onların təhlükəsizliyi təmin edilib.
“Hörmüz boğazından keçmək üçün icazə almaq və koordinasiya etmək mütləqdir. Öncə də elan olunduğu kimi başqa vasitələrlə bu boğazdan keçmək pozuntu halı kimi qeydə alınacaq və lazımi addımlar atılacaq.
Ötən gecə bir neçə gəmi izləmə sistemlərini söndürməklə qanunsuz şəkildə Fars körfəzinə daxil olmağa cəhd edib. SEPAH-ən Hərbi Dəniz Qoşunları bir neçə dəfə xəbərdarlıq etdikdən sonra iki gəmini saxlayıb, qalan gəmilər isə geri qayıtmağa məcbur olub”, -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, ABŞ ordusu atəşkəsi pozaraq Bəndər Abbas şəhəri aeroportunun boş ərazisinə bir neçə raket atıb. Nəticədə heç bir xəsarət qeydə alınmayıb. ABŞ-nin hücumu həyata keçirən aviabazasına qarşılıqlı cavab verilib.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.