"Evimizi görmək üçün dərhal birinci reys üçün bilet aldım".
Modern.az xəbər verir ki, bu sözləri 6 ildən sonra ilk dəfə fəaliyyətə başlayan Bakı-Tbilisi qatarının sərnişini Nigar Nəsibova deyib.
“Mən Tbilisiyə yox Dmanisi rayonuna gedirəm. Evimizi görmək üçün dərhal birinci reys üçün bilet aldım. 6 ildir ki, yol bağlıydı, gedə bilmirdik”.
Sərnişin Ələddin Yusubov isə bildirib ki, qiymətlər qaneedicidir:
"Azərbaycan vətəndaşıyam, yoldaşımla gedirik. Bakı-Tbilisi qatarı açılan kimi bilet aldım. Buna səbəb isə ata yurdumu görmək istəyimdir”.
Adını demək istəməyən sərnişin isə təyyarəyə çata bilmədiyi üçün qatarla getdiyini söyləyib:
“Dünən təyyarəyə çata bilmədim, biletim ləğv olundu. Çünki sığorta almaq yadımdan çıxmışdı. Gürcüstanın Qardabani rayonunda atamın evi var".
Sərnişin Ayaz Mehrəliyevin sözlərinə görə, qatarın ilk sərnişinlərindən olmağın təəsüratı başqadır.
"Təyyarə ilə müqayisədə qatarla getmək daha sərfəlidi. Əsas odur ki, yollar açılır. Ən azı təyyarə qiymətləri ilə 250 manat fərq edir. Sığorta məsələsində də problem yaşamadım”.