Bakı. Trend:
Azərbaycana gələn xarici turistlər yaxın gələcəkdə ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə biləcəklər.
Trend xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə manat kartları ilə ödəniş etdikdə onlara həmin ölkənin milli valyutası ilə yanaşı, manat və ya ABŞ dolları ilə ödəniş etmək seçimi təqdim olunur.
"Biz indi eyni yanaşmanı Azərbaycanda da tətbiq etməyə çalışırıq. Belə ki, BƏƏ, ABŞ, İngiltərə və ya Asiya ölkələrindən gələn turistlər Azərbaycanda hotel, restoran və digər turizm obyektlərində ödəniş edərkən, “PAŞA Bank”ın terminalları vasitəsilə onlara manatdan əlavə öz ölkələrinin milli valyutasında və ya ABŞ dolları ilə ödəniş etmək imkanı təqdim olunacaq", – deyə C.Quliyev bildirib.
O qeyd edib ki, bu yenilik turistlər üçün ödəniş prosesini daha rahat və əlçatan edəcək.