Ukrayna Rusiyaya Xerson vilayətinin işğal altındakı Alyoşki şəhərində mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs elan olunmasını təklif edib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitri Lubinets açıqlama verib.
Onun sözlərinə görə, tərəflər artıq təxminən 6 min mülki şəxsin, o cümlədən 200 uşağın şəhərdən çıxarılması ilə bağlı ilkin razılıq əldə ediblər.
“Bu günə olan vəziyyətə görə, texniki məsələlərin hamısını müzakirə etmişik. Hazırda Rusiya tərəfinin atəşin dayandırılması və fiziki təxliyə prosesinin başlanacağı tarixi təqdim etməsini gözləyirik”, – deyə Dmitri Lubinets bildirib.
Qeyd edək ki, Alyoşki şəhəri 2022-ci ildən Rusiya qüvvələrinin nəzarətindədir və son dövrlərdə mütəmadi artilleriya atəşinə və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalır.