"Biz hazırda yeni şəhərsalma gündəminə baxırıq və 2016-cı ildən bəri bu şəhərsalmanı dəyişirik”.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina J.Mohammed media konfransında jurnalistlərin sualını cavablayarkən qeyd edib.
O, Bakı tədbirində şəhərsalmanın gələcək vizionu, mənzil təminatı sahəsində inteqrasiya olunmuş yanaşmalar və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmini məsələlərinə toxunub:
Baş katibin müavini vurğulayıb ki, hazırda Yeni Şəhərsalma Gündəliyi çərçivəsində qlobal şəhərsalma proseslərində əsaslı dəyişikliklər həyata keçirilir. Bu xətt üzrə 2026 və 2036-cı illəri əhatə edən uzunmüddətli strateji plan mövcuddur. Şəhərsalma icmasının qarşısında duran əsas məsələlərdən biri isə 2030-cu ildən sonrakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Önümüzdəki 5 illik dövr üçün mənzil təminatı sahəsində inteqrasiya olunmuş geniş fəaliyyət planının hazırlandığını deyən Amina J.Mohammed əsas hədəfin maliyyə, iqtisadiyyat, təhsil və digər mühüm sahələri bu proqrama daxil edərək vahid və dayanıqlı bir sistem formalaşdırmaq olduğunu bildirib.
Onun sözlərinə görə, bu siyasi forumun ən böyük özəlliklərindən və məqsədlərindən biri də qeyd olunan istiqamətlərə qlobal diqqəti cəlb etmək, mənzil təminatı layihələrinə investisiya axınını təşviq etməkdir. Bu cür təşəbbüslər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılmasının sürətləndirilməsində müstəsna əhəmiyyət daşıyır. Çıxışı zamanı Azərbaycanın prioritet istiqamətlərindən olan Qarabağ mövzusuna da xüsusi toxunulub: "Qarabağın bərpası Azərbaycan hökumətinin — sizin ölkənizin böyük və mühüm bir layihəsidir. Biz bu kontekstdə ərazilərin minalardan təmizlənməsi prosesini tam dəstəkləyirik. Müəyyən zaman tələb edən bu fəaliyyət, eyni zamanda, yerli icmanın regiona təhlükəsiz və inamlı şəkildə qayıdışının təmin olunması üçün ən vacib şərtlərdən biridir".