Bakı.Trend:
Azərbaycan və Tacikistan ticarət-iqtisadi və investisiya əməkdaşlığını ardıcıl şəkildə möhkəmləndirərək, ticarət-iqtisadi və sənaye-loqistika əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır.
Trend xəbər verir ki, bu barədə Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Əxliddin Nuridinzoda Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində bildirib.
“İlk növbədə, ölkələrimiz arasında investisiya və ticarət-iqtisadi əməkdaşlığın gələcəyini müzakirə etmək imkanı yaratdıqları üçün bugünkü forumun təşkilatçılarına təşəkkürümü bildirirəm. Əminəm ki, bu cür forumlar açıq dialoq və iki ölkənin investorları və işgüzar dairələri arasında birbaşa əlaqələrin qurulması üçün mühüm şərait yaradır”, — deyə o qeyd edib.
Onun sözlərinə görə, Tacikistan və Azərbaycan qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini ənənəvi olaraq qoruyub saxlayır və iki ölkənin rəhbərliyinin siyasəti nəticəsində ikitərəfli əlaqələr ardıcıl şəkildə möhkəmlənir və praktik məzmunla zənginləşir. Əməkdaşlıq ticarət-iqtisadi, investisiya, sənaye, logistika və enerji sahələrində fəal inkişaf edir.
“İki ölkənin iqtisadiyyatları sənaye kooperasiyasının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün imkanlara malikdir”, — deyə o bildirib. O, həmçinin mövcud azad ticarət sazişi çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğunu vurğulayıb.
“Nazirliklərarası əməkdaşlığın mövcud səviyyəsi hələ də ölkələrimizin tam potensialını əks etdirmir. Bu gün qarşımızda duran əsas vəzifə güzəştli ticarət münasibətlərindən daha dərin sənaye və investisiya əməkdaşlığına keçiddir”,- deyə o vurğulayıb.
Nazir müavini həmçinin qeyd edib ki, qlobal iqtisadiyyatda qeyri-sabitliyə baxmayaraq, Tacikistan dayanıqlı iqtisadi artım və makroiqtisadi sabitlik nümayiş etdirir, beynəlxalq biznes üçün etibarlı və perspektivli istiqamət kimi çıxış edir. O, ölkədə açıq iqtisadi siyasətin həyata keçirildiyini və investisiyalar üçün şəffaf şəraitin yaradıldığını da bildirib.
Qeyd edək ki, bu gün Bakıda iki ölkənin dövlət qurumları və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilir. Forum çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, investisiya imkanları, sənaye kooperasiyası və Azərbaycan ilə Tacikistan sahibkarları arasında əlaqələrin inkişafı müzakirə olunur.