Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bioloji Müxtəliflik üzrə Beynəlxalq Gün münasibətilə Naftalanda keçirilən tədbirdə çıxış edib.
Modern.az xəbər verir ki, nazir biomüxtəlifliyin qorunmasının qlobal əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, builki “Qlobal təsir üçün yerli fəaliyyət” devizi yerli səviyyədə həyata keçirilən təşəbbüslərin qlobal nəticələr doğurduğunu göstərir: “Biomüxtəlifliyin azalması, ekosistemlərin deqradasiyası və təbii resurslardan qeyri-səmərəli istifadə müasir dövrün əsas çağırışlarındandır. Biomüxtəliflik insanların rifahı, ərzaq təhlükəsizliyi, iqlim sabitliyi və dayanıqlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır".
Nazir qeyd edib ki, balıq və digər su bioresursları ərzaq təminatı, məşğulluq və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
Məcnun Məmmədov vurğulayıb ki, dəniz, çay və göllərdə bioloji müxtəlifliyin qorunması balıq ehtiyatlarının dayanıqlı idarə olunması ilə birbaşa bağlıdır: “Su bioresurslarının qorunması, balıq ehtiyatlarının bərpası, qeyri-qanuni ovçuluğun qarşısının alınması və ekoloji baxımdan davamlı akvakulturanın inkişafı prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət nəticəsində balıqçılıq və akvakultura üzrə dövlət siyasəti məqsədyönlü şəkildə həyata keçirilir”.
O bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu gündən başlayaraq ay ərzində Xəzər dənizinin Azərbaycana aid hissəsinə 150 min nərə körpəsinin buraxılması planlaşdırılır: “Növbəti aylarda isə bu rəqəmin 500 minə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, payız aylarında 50 min qızılbalıq körpəsinin yetişdirilərək ölkədaxili su hövzələrinə buraxılması planlaşdırılıb”.
Nazir çıxışının sonunda biomüxtəlifliyin qorunmasının gələcək nəsillər qarşısında mühüm məsuliyyət olduğunu vurğulayıb və birgə fəaliyyətin vacibliyini qeyd edib.