Bakı.Trend:
Qərb ölkələri Qırğızıstanın bəzi banklarının bağlanmasını tələb edib, lakin rəsmi Bişkek bunu rədd edib.
Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Adılbek Kasımaliyev bildirib.
Onun sözlərinə görə, hakimiyyət Avropa və ABŞ tərəfdaşlarına beynəlxalq şirkətlərin cəlb olunması ilə müstəqil audit aparmağı təklif edib.
“Biz dedik ki, pozuntuların olub-olmadığını yoxlayın, sonra sanksiyalar tətbiq edin”, — deyə Kasımaliyev qeyd edib.
O vurğulayıb ki, bankların bağlanması ölkənin maliyyə sistemini sarsıda bilərdi, çünki həmin banklarda vətəndaşların əmanətləri saxlanılır.
Bununla yanaşı, baş nazir əlavə edib ki, şübhəli sxemlərlə əlaqəsi ola biləcək ayrı-ayrı şirkətlər bağlanacaq.