Bunu Metbuat.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, tanınmış vəkil Vüqar Babayev deyib. O bildirib ki, istintaqın gedişində müəyyən edilmiş hallardan asılı olaraq yekun qərar verilə bilər: "Əgər cinayət ağırlaşdırıcı hallarda qəsdən adam öldürmədirsə, məsələn, xüsusi amansızlıq, mütəşəkkil dəstə tərəfindən törədilmə və sair ağırlaşdırıcı hal deyilsə, yəni Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayətdirsə, o zaman cinayət törətmiş şəxsin razılığı ilə cinayətin törədilmə müddətinin keçməsinə görə həmin cinayət işi üzrə icrata xitam verilə bilər. Əgər baş vermiş cinayət hadisəsi ağırlaşdırıcı hallarda, yəni Cinayət Məcəlləsinin 120.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlidirsə, həmin cinayətlərin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulduğu üçün, həmin şəxsin cinayət məsuliyyətindən azad edilib-edilməməsi məsələsinə məhkəmə tərəfindən qiymət veriləcək".
Vəkil bildirib ki, eyni zamanda həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
Seyranə Quliyeva / Metbuat.az