Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Azərbaycandan generatorlar və digər zəruri avadanlıqlar alıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Avadanlıqların təhvil verilməsi mərasimi Dövlət Xidmətinin rəhbəri Andriy Danik və Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyevnin iştirakı ilə baş tutub.
Səfir bildirib ki, göstərilən yardım Ukraynanın xarici işlər naziri Andriy Sibihanın təşəbbüsü ilə həyata keçirilən “Ukrayna üçün istilik” qlobal aksiyası çərçivəsində təqdim olunub və çətin dövrdə Ukrayna ilə həmrəyliyin növbəti mühüm nümunəsidir. Onun sözlərinə görə, Azərbaycan xalqı və təşkilatları tərəfindən göstərilən bu dəstək yüksək qiymətləndirilir.
Görüş zamanı tərəflər Ukrayna ilə Azərbaycan arasında mülki müdafiə və fövqəladə hallara reaksiya sahəsində gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.