Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur.
Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai radioya müsahibəsində deyib.
“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.
Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.
Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.