Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) xarici bankların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir və bunun maliyyə sektorunda rəqabətin, insan kapitalının və yeni texnologiyaların inkişafına töhfə verəcəyini hesab edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycanda fəaliyyət göstərməsindən narahat olması ilə bağlı fikirlər doğru deyil.
"Bu fikir yanlışdır. Əksinə, biz xarici bankların Azərbaycanda yerləşməsini dəstəkləyirik və bundan çox məmnunuq. Bu, həm sektorun inkişafına, həm insan kapitalının inkişafına, həm informasiya texnologiyalarından və təhlükəsizlik imkanlarından istifadəyə, həm də ümumi rəqabət mühitinə töhfə verəcək", - deyə T.Kazımov qeyd edib.
AMB sədri bildirib ki, Mərkəzi Bank xarici maliyyə institutlarının, o cümlədən bankların, kapital bazarı və sığorta sektorunda fəaliyyətinin genişlənməsinə açıq yanaşır.
"Biz xarici bank sektoru ilə yanaşı, kapital bazarlarına və sığorta sektoruna da çox açığıq. Mənim tez-tez xaricə getməyimin və müxtəlif konfranslarda çıxış etməyimin səbəblərindən biri də Azərbaycanın maliyyə sektorunu təbliğ etməkdir. Əksinə, ölkəmizin maliyyə sektorunu tanıtmaq lazımdır ki, marağı olanlar suallar versin və Azərbaycana gəlsin", - deyə o bildirib.
T.Kazımov Azərbaycan və digər ölkələr arasında ödəniş sistemlərinin inteqrasiyası və məlumat mübadiləsi məsələsinə də münasibət bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Mərkəzi Banklarının bir platformada birləşdirilməsini nəzərdə tutan vahid beynəlxalq rəqəmsal platforma mövcud deyil.
"Bildiyim qədər, belə bir platforma yoxdur ki, ayrı-ayrı ölkələrin mərkəzi banklarını vahid sistemdə birləşdirsin. Lakin biz hər bir ölkənin mərkəzi bankı ilə ayrıca danışıqlar aparırıq. Bildiyim qədər, artıq bir-iki ölkə ilə daha detallı proseslərə başlamışıq", - deyə AMB sədri vurğulayıb.