Rusiya Ukraynanın enerji və kritik infrastrukturu ilə bağlı verdiyi vədləri pozaraq müharibənin davamına üstünlük verir.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O, bu fikirləri NATO-nun baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti danışıqlar qruplarının görüşü ərəfəsində Rusiya tərəfinə enerji və kritik infrastruktura zərbələrdən bir həftəlik çəkinmək çağırışı edib. Lakin Zelenskinin sözlərinə əsasən, bu razılaşma faktiki olaraq pozulub.
“Zərbələr cümə gecəsindən başlayıb və bu gecə də davam edib. Bu isə o deməkdir ki, ya Rusiya ‘bir həftə’ anlayışını dörd gün kimi başa düşür, ya da onlar açıq şəkildə müharibəni davam etdirməyə qərar veriblər”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Rusiya xüsusilə havaların daha da soyuduğu, Ukraynanın bir çox bölgəsində temperaturun mənfi 20 dərəcəyədək düşdüyü dövrü gözləyib. Prezidentin sözlərinə görə, son hücum Rusiyanın ballistik raketlərdən istifadəsi baxımından rekord xarakter daşıyıb və bu zərbə ABŞ tərəfinin razılaşdırdığı öhdəliklərin pozulması deməkdir. “Bunun nəticələri olmalıdır”, – deyə o əlavə edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, fevralın 3-nə keçən gecə Rusiya Ukraynaya qarşı 71 müxtəlif tipli raket və 450 zərbə dronu ilə kombinə edilmiş hücum həyata keçirib.