Qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteyn vaxtilə Rusiyanın aparıcı iş adamları, onların Davos və Sankt-Peterburq forumlarında iştirakı, məhkəmə iddiaları, Rusiyaya qarşı sanksiyalar, eləcə də VKontakte və Telegram-ın qurucusu Pavel Durov haqqında dosyelər alıb və araşdırıb. Modern.az xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunmuş "Epşteyn faylları"nda bildirilib. “Epşteynin sənədləri”ndə rusiyalı milyarderlərə istinadların böyük əksəriyyəti onların böyük forumlarda iştirakı ilə bağlıdır və ya onlar haqqında media nəşrlərinə istinad olunub.
Məsələn, sızdırılmış sənədlərdə Davosda keçirilən Dünya İqtisadi Forumunun (26-30 yanvar 2011-ci il, 23-27 yanvar 2013-cü il) və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (18-20 iyun 2015-ci il) iştirakçılarının siyahıları var. Bu siyahılarda Rusiyanın azərbaycanlı iş adamı Vahid Ələkbərovdan, eləcə də Aleksey Mordaşov, Leonid Mixelson, Vladimir Lisin, Gennadi Timçenko və Alişir Usmanov kimi milyarderlərdən bəhs olunur.
30 yanvarda ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı daha 3 milyon səhifə sənəd, eləcə də 2000-dən çox video və 180.000 fotoşəkil yayımlayıb. Bəzi materialları, o cümlədən qurbanların şəxsi məlumatlarını gizlətmək üçün redaktə ediblər. A.Qorxmaz