Akademik Nizami Cəfərov “Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasının media üçün təqdimatında “yazıçı öz kitabını küçədə sata bilməz, satmamalıdır” fikirlərini səsləndirib. Onun fikrincə, yazıçının məhsulu prodüser vasitəsilə satılmalıdır.
“Yazıçıya qanunla yaxşı yazmaq tələbini necə qoymaq olar? Yaxud, yazıçını necə, nə ilə cəzalandırmaq olar? Yazıçının məhsulunun prodüser vasitəsilə satışı, tanıdılması həll edilməlidir. Yazıçı öz kitabını küçədə sata bilməz",- deyə N.Cəfərov çıxışında qeyd edib.
Yazıçı Kəramət Böyükçöl Modern.az-a açıqlamasında Nizami Cəfərovun fikirlərinə münasibət bildirib. O deyib ki, yazıçının küçədə kitab satmaqdan başqa çarəsi yoxdur, küçə isə onun səngəridir:
“Yazıçı harda olmalıdır? Yazıçının yeri haradır? Küçə onun məkanıdır, səngəridir. Sanki Azərbaycan elə bir vəziyyətə gəlib çıxıb ki, ən təmiz yer küçələrdir. İndi də küçələri əlimizdən almaq istəyirlər, guya bu, yaxşılıq mənasındadır.
Amma yazıçı küçədə olmalıdır. Dünyada küçədən çıxıb Nobel mükafatı alan qələm sahibləri olub. Böyük yazıçıların hamısının yolu küçədən keçib. Dostoyevskinin yeri hara olub? Küçələrdə olub. Nizami müəllimin özünün isti kabineti var, parlamentdə neçə il deputat olub. Mən indi bilmirəm, Nizami müəllim, bu fikirləri hansı mənada deyib. Yazıçının qayğısına qalmaq, diqqət göstərmək mənasında deyir, ya necə?”.
K.Böyükçöl eyni zamanda özünün illərdir küçədə kitab satdığını da xatırladıb:
“Ailəmin, övladlarımın ehtiyaclarının hamısı kitab satışı hesabına qarşılanıb. Mənim dolanışığım bunun üzərində qurulub. İndi deyirlər ki, kitab satmaq olmaz. Onda mən bütün günü küçədə nə edim? Desəm ki, küçədə kitab sata bilmirəm, onda deyəcəksiniz, bəs küçədə nə edirsən? Satıram bəli, doğrudur arzuolunan səviyyədə deyil, amma ehtiyacı olan adamlar gəlib alır.
Mənə elə gəlir ki, Nizami müəllim “yazıçı küçədə kitab sata bilməz” sözlərini əslində dövlətin yazıçıya şərait yaratmasının vacibliyi baxımından deyib. Amma dövlət yazıçıya şərait yaradanda, onu azad buraxmır, öz köləsinə çevirir. Azərbaycanda qarşılıqsız dəstək olmur. “Mən sənə dəstək olum, get ürəyin istədiyini yaz”, - belə şey yoxdur. Deyir ki, mən sənə dəstək olum, sən də mənə xidmət elə.
Belə olan halda dövlət heç vaxt azad yazıçının, azad şəxsiyyətin formalaşmasında maraqlı olmur. Əksinə, onun mənəvi dəyərlərini, insani mövqeyini tədricən satın almağa çalışır”.
“Şəxsən mənim küçədən başqa yerim yoxdur. Azərbaycanda elə bir məkan yoxdur ki, özümü ora yaraşdırım. Bir dənə küçə qalır. Başqa yerə gedəndə adam narahat olur, sıxılır. Küçə isə yazıçı üçün təbiidir”,- deyə o əlavə edib. K.Böyükçöl sonda bildirib:
“Mənim bir ifadəm var idi, hələ şükür ki, bugünədək küçələri tam əlimizdən almayıblar. Amma görünür, yavaş-yavaş ona da gedirlər.
Prodüser tutmaq məsələsinə gəlincə, bunun üçün müəyyən maddi imkan lazımdır. Mənim kitablarımdan gələn pul elə gəldiyi kimi də gedir. O pulun üstündə dayanıb prodüser tutmaq, biznes qurmaq haqda düşünmək mümkün deyil. Mənim elə bir maddi bazam, vəsaitim yoxdur. Mən sadəcə yazıram və yazdığım kitabları küçədə satıram”.